Daşkəsən rayonunun Əmirvar kəndində təbii fəlakətin yaratdığı problemlər aradan qaldırılır
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Əmirvar kəndində çay yatağında təbii fəlakətin yaratdığı problemlərin aradan qaldırılması işlərinə başlanılmışdır. Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ilə ərazidə olmuş, həmçinin kənd sakinləri ilə görüşmüş, onların müraciətlərini dinləmişdir.
Qeyd edək ki, ötən il rayon ərazisinə aramsız yağan dolu və güclü leysan yağışlarının yaratdığı sel suları nəticəsində Əmirvar kəndindən keçən Qabaqtəpə çayı daşaraq məcrasından çıxmış, çay hövzəsinə yaxın ərazilərdə fərdi evlərə, həyətyanı əkin sahələrinə, elektrik dayaqlarına, yol infrastrukturuna, habelə vətəndaşların şəxsi təsərrüfatlarına ciddi ziyan dəymişdir.
Selin yaratdığı fəsadların aradan qaldırılması məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən əraziyə cəlb olunmuş xüsusi təyinatlı ağır texnikalarla çayın məcrası dərinləşdirilir, çay yatağı və suötürücülərin içərisi daş və palçıqdan təmizlənir, ətrafı genişləndirilir, meandırlar (döngələr) düzəldilir, çayın bəndlərə tərəf axınının qarşısı alınır, eyni zamanda sahilbərkitmə işləri görülür. Bu kimi qabaqlayıcı tədbirlər rayonun sel və subasma təhlükəsi ehtimal edilən digər ərazilərində də davam etdirilməsi nəzərdə tutulur.
Əmirvar kənd sakinləri təbii fəlakətin yaratdığı problemlərin aradan qaldırılmasına və görülən qabaqlayıcı tədbirlərə görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.