Daşkəsən rayonunun Əhmədli kəndində sahibkarlığa və məşğulluğa dair sakinlərlə növbəti maarifləndirici görüş təşkil olunub
Noyabrın 18-də Daşkəsən rayonunun Əhmədli kəndində Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi, Daşkəsən KOB Dostu, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzi və Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsinin rayon xidmət şöbəsinin birgə təşkilatçılığı ilə görüş keçirilib.
Daşkəsən RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Elmin Paşayev rayonda sahibkarlığın inkişafı və əhalinin məşğulluğunun artırılması sahəsində görülən işlər və nəzərdə tutulan tədbirlər barədə söz açıb.
Daşkəsən KOB dostu Orxan Abbasov KOBİA-nın sahibkarlara göstərdiyi xidmətlər və dəstək mexanizmləri barədə sakinləri məlumatlandırıb.
Daşkəsən DAİM-in əməkdaşları Yaşar Məhərrəmov və Azər Məmmədov fermer təsərrüfatı ilə məşğul olan sakinləri Mərkəzlə fəal əməkdaşlığa dəvət edərək çıxışlarında diqqətə çatdırıblar ki, DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. Peyvəndləmə, əkinlərin aparılması, subsidiyaların verilməsi, kənd təsərrüfatı sığortasının və aqrotexniki tədbirlərin həyata keçirilməsi, fermerlərin elektron qeydiyyatı, habelə fermerlərə göstərilən çoxşaxəli xidmətlərdən və digər mövzulardan söz açan əməkdaşlar vurğulayıblar ki, Mərkəzdə “vahid pəncərə” prinsipinin tətbiqi, şəffaflığın təmin edilməsi, fermerlərlə əlaqələrin qurulması mexanizmi daha da təkmilləşdirilmişdir.
Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsi əməkdaşı İlaq Topçiyev isə qeyd edib ki, Dövlət Məşğulluq Agentliyi aktiv məşğulluq tədbirlərinin təşkili, özünüməşğulluq, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərir.
Görüşdə kənd sakinlərinin çoxsaylı sualları cavablandırılıb, müraciətlər qeydə alınıb və maarifləndirici materiallar paylanıb.