Daşkəsən rayonunun Çaykənd kəndində növbəti səyyar-qəbul görüş keçirilib
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə vətəndaşlarla səyyar qəbul-görüşlər keçirilir. Keçirilən səyyar qəbulların məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədovun təsdiq olunmuş cədvələ uyğun olaraq növbəti səyyar qəbul-görüşü Çaykənd kəndində keçirilib.
Qəbulda rayonun hüquq mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və məsul işçiləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
V.Məmmədov respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin kənd sakinlərinin məşğulluğunun yaxşılaşdırılması və digər sosial tədbirlərin icrası istiqamətində çox böyük əhəmiyyəti olan “AzerGold” QSC-nin fəaliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Sonra söz sakinlərə verilib.
Kənd sakinləri kəndə qaz və internet xəttinin çəkilməsi, evinin dam örtüyünün təmir olunmasına kömək, işlə təmin olunma, kənddaxili yolların cari təmir olunması, əlavə içməli su xəttinin çəkilməsi və mövcud xətlərin təmiri və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.