DAŞKƏSƏN RAYONUNDAKI İCTİMAİ-İAŞƏ OBYEKTLƏRİNDƏ MONİTORİNQLƏR APARILIR
Azərbaycan Respublikası Baş nazirinin “Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə” Sərəncamına və Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyevin tapşırığına əsasən qadağan olunan qaz cihazlarından istifadə hallarının qarşısının alınması məqsədilə rayon ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində maarifləndirici monitorinqlərin aparılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı xüsusi işçi qrupu yaradılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və bələdiyyələrin, Qaz İstismar Sahəsinin Texniki İstismar Xidmətinin, Daşkəsən “Elektrik” şəbəkəsinin, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndələrindən, habelə sahə müvəkkillərindən ibarət xüsusi qrup rayon ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində maarifləndirici monitorinqlərin aparılmasına başlayıb.
Əvvəlcə işçi qrupu tərəfindən obyektlərin mətbəx və digər sahələrinə baxış keçirilir, orada olan qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyəti araşdırılır, təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi və digər məsələlərlə bağlı işçi heyətlə söhbətlər aparılır. Monitorinqlərin məqsədi ictimai-iaşə obyektlərində real vəziyyətin yerində öyrənilməsi, gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və burada çalışan işçilərin maarifləndirilməsidir.
Daşkəsən Rayon İcra Hakimiyyəti əlaqədar qurumlarla birgə rayon ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində monitorinqləri mütəmadi olaraq keçirəcəkdir.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin baş məsləhətçisi