Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” mövzusunda dəyirmi masa təşkil olunub

08 aprel 2024 | 14:28

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına əsasən aprelin 8-də keçilən dəyirmi masada Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Daşkəsən RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aidə Nağıyeva, RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev, Daşkəsən DAİM-in direktoru Vüsal Rzayev, rayon üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Rəşail Babayev çıxış edərək Prezident cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətindən, Sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsindən və həmin prioritetə uyğun olaraq respublikamızda, o cümlədən Daşkəsən rayonunda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlərin aparılmasından ətraflı məlumat veriblər, habelə dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən söz açıblar. Qeyd olunub ki, Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz 2023-cü ildə Dubayda keçirilən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında – COP28-də böyük nümayəndə heyəti ilə iştirak edib. Azərbaycanın diplomatik uğuru nəticəsində həmin toplantıda COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsinə qərar verilib. Azərbaycanın 2024-cü ildə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına - COP29-a ev sahibliyi etməsi böyük məsuliyyətdir. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi və ölkəmizə olan böyük inamın təzahürüdür.

Çıxışlarda vurğulanıb ki, planetimiz ciddi ekoloji böhranla və su qıtlığı ilə qarşı-qarşıya olduğu bir vaxtda bizi mühüm vəzifələr gözləyir. Azərbaycan həm bərpa olunan enerji yaradır, həm də yaşıllaşdırma işlərini davam etdirir. Cəmiyyət olaraq təmiz ekoloji mühitin qorunması, meşə və su resurslarının mühafizəsi, yaşıllıqların genişləndirilməsi naminə qüvvələrimizi səfərbər etməliyik. Azərbaycan ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirləri yüksək səviyyədə keçirərək yeniliklər gətirib. "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Azərbaycan COP29-da əhəmiyyətli qərarların qəbul olunmasına təşəbbüs nümayiş etdirməklə, iqlim dəyişikliklərinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərməsində birləşdirəcəkdir.

Sonda Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

 

Keçidlər