Daşkəsən rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rəsm sərgisi keçirilib
Mayın 22-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Rayon Mədəniyyət Mərkəzinin, Təhsil Sektorunun və Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblilərin rəsm sərgisi keçirilib.
Tədbirin keçirilməsində məqsəd “Yaşıl dünya naminə həmrəylik ili”nin qeyd edilməsi, təbii və mənəvi dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılması, yeniyetmə və gənclərdə ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, həmçinin istedadların üzə çıxarılması və tanıdılması olub.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini anıblar.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısınının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov sərgi iştirakçılarına uğurlar arzuladıqdan sonra, möhtərəm Prezident cənab İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar müfaviq Sərəncamı haqqında və bu istiqamətdə ölkəmizdə, o cümlədən Daşkəsəndə həyata keçirilən tədbirlərdən, habelə sərginin əhəmiyyətindən söz açıb.
Vurğulayıb ki, hazırda ekoloji mühitin yaxşılaşdırılması, bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi, bərpaolunan enerjidən istifadənin genişləndirilməsi və iqlim dəyişikliyinə qarşı adekvat addımların atılması bütün ölkələr üçün prioritetdir. Bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyini ifadə etməklə yanaşı, həmçinin beynəlxalq arenada respublikamızın nüfuzunun daha da güclənməsinə böyük təkan verəcəkdir. COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın əyani göstəricisidir.
Daşkəsən Rayon Mədəniyyət Mərkəzində təşkil edilmiş sərgidə nümayiş olunan rəsm əsərləri böyük maraqla qarşılanıb. Məktəblilər fırçalarının dili ilə ekologiya və sağlam dünya naminə həmrəy olmağın vacibliyini ictimaiyyətə çatdırmağa çalışıblar.