DAŞKƏSƏN RAYONUNDA UŞAQLAR ÜÇÜN SƏYYAR TİBBİ MÜAYİNƏ AKSİYASI KEÇİRİLİB
Mayın 31-dən iyunun 2-dək Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Daşkəsən rayonunun Quşçu kəndində uşaqlar üçün səyyar tibbi müayinə aksiyası keçirilib. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən və “Sağlam gələcək” devizi altında təşkil olunan aksiyada rayonun Quşçu, Çovdar, Çaykənd və digər yaşayış məntəqələrinin azyaşlı sakinləri 3 gün müddətində ödənişsiz müxtəlif tibbi xidmətlərdən yararlanıblar.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Quşçu kəndində yüksək səviyyədə təşkil olunan aksiya yerinə gələrək tibbi müayinənin gedişatı ilə maraqlanıb, həkimlərlə görüş keçirib, bu xeyirxah və nəcib işə görə təşəkkürünü bildirib.
Bakı Sağlamlıq Mərkəzinin cərrahiyə, pediatriya, terapiya, endikrinologiya, hepatologiya, LOR, kardiologiya, urologiya, həmçinin onkologiya sahələri üzrə ixtisaslaşmış peşəkar həkimlər heyəti uşaqları müayinə edib, onlara ambulator müalicə-profilaktik xidmətlər göstəriblər. Azyaşlılar fiziki müayinələrlə yanaşı, instrumental (EXO, EKS, ultrasəs və s.), eləcə də laboratoriya müayinələrindən yararlanıb, diaqnoza uyğun olaraq müvafiq dərman preparatları ilə təmin olunublar.
Aksiyanın birinci günündə Daşkəsəninin şəhid və qazi ailələrinin üzvləri müayinə prosesinə cəlb ediliblər.
Layihə çərçivəsində nağıl qəhrəmanları və cizgi filmi personajlarını canlandıran animatorlar tərəfindən uşaqlar üçün əyləncəli oyunlar keçirilib, azyaşlılara müxtəlif oyuncaqlar və dərs ləvazimatları hədiyyə olunub.
Ümumilikdə 600-dən çox uşaq tibbi müayinədən keçirilib.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
Humanitar məsələlər şöbəsinin müdir müavini