Daşkəsən rayonunda uşaq hüquqlarının müdafiəsi üzrə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə təlim keçirilib.
Noyabrın 22-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının təşkilatçılığı ilə rayonda uşaq hüquqlarının müdafiəsi üzrə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə növbəti təlim keçirilib.
Təlim Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4-cü bəndinin icrası ilə bağlı təşkil olunub.
Təlimdə vurğulanıb ki, Azərbaycanda uşaqların problemlərinin həlli, onların hərtərəfli inkişafına şəraitin yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət artıq milli strategiyaya çevrilmişdir. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva uşaqlarla bağlı məsələlərə hər zaman xüsusi diqqət yetirirlər.
Praktik və nəzəri hissədən ibarət olan təlim zamanı iştirakçılara ölkəmizdə uşaq hüquqları sahəsində aparılan dövlət siyasəti, habelə uşaq hüquqları ilə bağlı qəbul edilən qərarlar, hər bir uşağın ehtiyaclarına uyğun inkişaf planı hazırlamaq, uşağın nitq, qavrama, kiçik və böyük motor bacarıqları və davranış sahəsində funksional bacarıqlarını qiymətləndirməyə lazım olan alətlər, uşaqlarda öyrənmə və inkişaf prosesləri barədə ətraflı məlumatlar verilib.