Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ TƏBİİ QAZDAN İSTİFADƏ ZAMANI TƏHLÜKƏSİZLİK QAYDALARINA RİAYƏT EDİLMƏSİ VƏ MEŞƏLƏRİN YANĞINDAN MÜHAFİZƏSİ MÖVZUSUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

09 avqust 2022 | 14:08

Avqustun 9-da Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən müşavirədə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon Polis şöbəsinin, qaz istismar sahəsinin, dövlət yanğından mühafizə hissəsinin, yanğın nəzarəti şöbəsinin, meşə mühafizəsi və bərpası müəssisəsinin rəhbər və məsul şəxsləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və Kommunal Müəssisələri Kombinatının evlər üzrə texnikləri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Məmmədov iclası giriş sözü ilə açaraq tədbirin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin  və “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq  maddələrinin tələblərinə əsasən sakinlərə yanğın təhlükəsizliyi qaydalarının izah olunması, ərazidə baş verə biləcək yanğınların qarşısının alınması və yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin aparılması məqsədilə keçirildiyini diqqətə çatdırıb.

İcra başçısının müavini Vüqar Məmmədov cari ilin avqustun 3-də Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında qaz sızmasından baş vermiş partlayış və onun nəticələri barədə tədbir iştirakçılarını məlumatlandırıb, ötən əsrin 90-cı illərində Daşkəsən şəhərində də yaşayış binasında belə oxşar hadisə baş verdiyini qeyd edib. Təbii qazın sızması nəticəsində bədbəxt hadisələrin baş verməməsi üçün mütləq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi və bu sahədə insanların maarifləndirilməsinin vacibliyini vurğulayıb. Həmçinin xatırladıb ki, 4 noyabr 2018-ci il tarixdə rayonun Quşçu kəndində baş vermiş dəhşətli yanğın zamanı ümumi sahəsi 150 m2 olan fərdi yaşayış evinin tamamilə yanmış və 3-ü azyaşlı olmaqla, 5 nəfər faciəli şəkildə ölmüşdür. 2004-cü ilin mart ayında rayon ərazisində eyni vaxtda bir neçə yaşayış məntəqəsində böyük miqyasda yanğın hadisəsinin baş verməsi və çoxsaylı fərdi yaşayış evlərinin yanması barədə də məlumat verib.

Digər çıxış edənlər isə bildirmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii qazdan istifadə Qaydaları”na ciddi əməl edilməsi, qazdan düzgün istifadə ilə bağlı əhalinin məlumatlandırılması, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsi məqsədilə həmin qurğulara, tüstü bacalarına  və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirilməsi təmin edilməlidir.  Yaşayış evlərində,  ictimai binalarda, təhsil, səhiyyə, digər idarə və müəssisələrdə təbii qazdan istifadə  zamanı təhlükəsizlik qaydalarına ciddi riayət  edilməlidir. Təmir bərpa və digər texniki məsələlərlə əlaqədar qaz təchizatının dayandırılmasına zərurət yarandığı təqdirdə bu barədə istehlakçılara kütləvi informasiya və mənzil istismar sahələri vasitəsi ilə məlumat verilməlidir. İstehlakçılar isə qaz qurğularını “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. İş yerlərində əməyin mühafizəsi tədbirləri çərçivəsində texniki təhlükəsizliyə nəzarət edilməli, ən əsası isə hər bir kəs öz şəxsi əmlakını bədbəxt hadisələrdən qorumaq üçün sığortalamalıdır.

  Müşavirədə həmçinin  rayon ərazisində meşələrin ümumi vəziyyəti, yanğınların baş vermə səbəbləri, meşə yanğınlarından yaranan itkilər, habelə meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması barədə aidiyyəti qurumların əməkdaşları ilə müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyən edilib.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müavini

Keçidlər