Daşkəsən rayonunda sel sularının ziyan vurduğu yollar və körpülər bərpa edilib
Son günlər Daşkəsən rayonu ərazisinə yağan intensiv leysan yağışlarının yaratdığı güclü sel suları nəticəsində bir sıra kəndlərdə çaylar məcrasından çıxaraq daşıb, yollara, körpülərə və su keçidlərinə ciddi ziyan dəyib.
Daşkəsən Rayon İcra Hakimiyyəti və müvafiq qurumlar tərəfindən təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılması istiqamətində işlər davam etdirilib.
Tapan, Alaxançallı, Təzəkənd, Əmirvar və Kəmərqaya kəndlərində təbii fəlakətin ziyan vurduğu yollar və körpülər daxili imkanlar hesabına bərpa edilib. Habelə yolların keçdiyi çaylar ürzərindəki körpülər və su keçidləri sel sularının gətirdiyi palçıq və daş kütlələrindən təmizlənib, bəzi yerlərə çınqıl-torpaq örtüyü salınıb, nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti təmin olunub.