Daşkəsən rayonunda şəhid anaları ilə görüş keçirilib və ehsan süfrəsi açılıb
Oktyabrın 9-da Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin 4-cü ildönümü ilə əlaqədar daşkəsənli Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin anaları ilə görüş təşkil olunub.
Şəhid ailələri ilə görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “Yaşat” Fondunun Himayəçilik Şurasının üzvü, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov şəhid analarına dərin hörmət və ehtiramını ifadə etdikdən sonra çıxışında vurğulayıb ki, sərhəd bölgəsində yaşayan igid daşkəsənlilər də hər zaman Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə istər ön cəbhədə, istərsə də arxa cəbhədə fəal iştirak etmiş, yüzlərlə gəncimiz qəhrəmancasına vuruşmuşdur. Onlardan 64 nəfəri Birinci, 34 nəfəri isə İkinci Qarabağ müharibəsində müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. İcra başçısı diqqətə çatıdırıb ki, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda edən daşkəsənli şəhidlərin ailələrinə də hər zaman xüsusi qayğı göstərilir, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mütəmadi müxtəlif tədbirlər həyata keçirilir.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova isə qeyd edib ki, İctimai Birlik olaraq onlar da dövlətimizlə yanaşı şəhid ailələrinin yanında olub hər cür kömək göstərməyə çalışırlar. Həmçinin şəhidlərimizi tanıtmaq, xatirələrini daim uca tutmaq İctimai Birliyin əsas amalıdır.
Çıxış edən şəhid anaları onlara hər zaman göstərilən həssas münasibətə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi açılıb, dualar oxunub.
Görüşdə şəhid analarının müraciət və təklifləri də dinlənilib.