Daşkəsən rayonunda sahibsiz heyvanların sağlamlığı mütəmadi nəzarətdə saxlanılır
Daşkəsən rayon ərazisində yaylaq mövsümünün başa çatması ilə əlaqədar sahibsiz itlərin çoxalması müşahidə edilir. Mal-qarasını və xırdabuynuzlu davarlarını yaylağa gətirən təsərrüfat sahibləri qışlama ərazilərinə qayıdarkən yaşlı və xəstə itlərini ərazidə qoyub gedirlər. Bu cür hallara yol verilməməsi üçün inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələr tərəfindən kənd sakinləri və fermerlərlə profilaktik söhbətlər aparılır.
Bu vəziyyət sakinlərin narahatlığına səbəb olur. Küçə itləri əsasən binaların həyətlərində və yaşayış məskənlərində dəstə şəklində gəzərək insanlar üçün təhlükə yaradırlar.
Sahibsiz heyvanların vaksinasiyası, artımının qarşısını almaq üçün əməliyyat yolu ilə qısırlaşdırılması tədbirləri həyata keçirilir. Bu təcrübədən dünyanın bir çox ölkələrində istifadə edilir. Kompleks təbdirlər planında vəhşi heyvanların da oral vaksinasiyası nəzərdə tutulur. Oral vaksinasiya yemləmə yolu ilə quduzluq xəstəliyinə qarşı mübarizə üsuludur. Yemlərə quduzluğa qarşı vaksin qatılaraq meşələrə qoyulur. Bu yolla vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı mübarizə aparılır. Çünki, sahibsiz heyvanlar arasında da əsasən bu xəstəlik vəhşi heyvanlarla təmasdan yaranır.
Daşkəsən rayonu Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində heyvanların dezinfeksiya və dezinseksiya işləri üçün zəruri avadanlıqlar və mütəxəssislər mövcuddur. Rayonumuzda sahibsiz heyvanların baytarlıq xidməti idarəsinin baytar həkimləri tərəfindən qapı itlərində və tutulmuş sahibsiz heyvanlarda peyvəndlənmə həyata keçirilir. Bundan başqa mütəmadi olaraq quduzluq xəstəliyinə qarşı oral immunizasiya işləri aparılır, meşəlik ərazilərə dərmanlar səpilir. Cari ilin ötən dövrü ərzində 1329 it peyvənd olunmuşdur. Ərazidə olan sahibsiz heyvanların sağlamlığına nəzarət mütəmadi olaraq diqqətdə saxlanılır. Bu sahədə vətəndaşlar tərəfindən daxil olan müraciətlərə həssaslıqla yanaşılır.