Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda mülki müdafiə sahəsində 2023-cü ildə görülmüş işlərə dair müşavirə keçirilib.

18 dekabr 2023 | 17:46

Dekabrın 18-də Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə rayonda mülki müdafiənin vəziyyətinin təhlili ilə bağlı 2023-cü ilin yekunları 2024-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirib.

Müşavirədə Daşkəsən RİH-nin və FHN-nin Gəncə Regional Mərkəzinin məsul işçiləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən RİHB-nin müavini, rayon fövqəladə hallar komissiyasının sədri Namiq Süleymanov bildirib ki, müşavirənin keçirilməsində məqsəd rayon ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlil edilməsi, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, sözügedən sahə ilə bağlı biliklərin təbliği və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılmasıdır.

FHN-nin Gəncə Regional Mərkəzinin məsul işçiləri Fuad Muradov və Bəhayi Nəsirov “Rayonda 2023-cü ildə mülki müdafiə işinin təşkili sahəsində görülmüş işlər və 2024-cü ildə qarşıda duran vəzifələr”, “Rayonda xəbərdarlıq sistemlərinin vəziyyəti”, “Rayonda mühəndis mühafizəsinin vəziyyəti” və “Rayonda kimyəvi mühafizənin vəziyyəti” mövzularında çıxışlar ediblər, rayon ərazisində yerləşən müxtəlif obyektlərin balansında olan xəbərdarlıq sistemləri, kollektiv mühafizə qurğuları və fərdi mühafizə vasitələrinin vəziyyəti, bu sahədə mövcud olan çatışmazlıqlar və onların həlli ilə bağlı məsələləri diqqətə çatdırıblar.

Müşavirədə  mülki müdafiə ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və aidiyyəti xidmət və obyekt rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər