DAŞKƏSƏN RAYONUNDA MÜLKİ MÜDAFİƏ SAHƏSİNDƏ 2022-Cİ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR MÜŞAVİRƏ KEÇİRİLİB
Dekabrın 20-də Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarında mülki müdafiənin vəziyyətinin təhlili ilə bağlı müşavirə keçirib.
Müşavirədə FHN-nin Gəncə Regional Mərkəzinin məsul işçiləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin məsul əməkdaşları iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən RİH-nin mülki müdafiə işlərinə məsul şəxsi Elmar Əliyev bildirib ki, müşavirənin keçirilməsində məqsəd rayon ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlil edilməsi, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, sözügedən sahə ilə bağlı biliklərin təbliği və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılmasıdır.
FHN-nin Gəncə Regional Mərkəzinin məsul işçiləri Fuad Muradov və Bəhayi Nəsirov “Rayonda 2022-ci ildə mülki müdafiə işinin təşkili sahəsində görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələr”, “Rayonda xəbərdarlıq sistemlərinin vəziyyəti”, “Rayonda mühəndis mühafizəsinin vəziyyəti” və “Rayonda kimyəvi mühafizənin vəziyyəti” mövzularında çıxışlar ediblər, rayon ərazisində yerləşən müxtəlif obyektlərin balansında olan xəbərdarlıq sistemləri, kollektiv mühafizə qurğuları və fərdi mühafizə vasitələrinin vəziyyəti, bu sahədə mövcud olan çatışmazlıqlar və onların həlli ilə bağlı məsələləri diqqətə çatdırıblar.
Müşavirədə mülki müdafiə ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və rayonda mülki müdafiə sahəsində mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti xidmət və obyekt rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini