Daşkəsən rayonunda ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə təbliğat xarakterli materiallar yerləşdirilib.
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2015-ci il tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın 9.2.1-ci bəndinə əsasən ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə reklamlar, stendlər yerləşdirmək nəzərdə tutulmuşdur.
Bununla bağlı olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin və Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin məsul əməkdaşları ictimai yerlərdə - iaşə obyektlərində, mağazalarda, parkda, insanların daha çox toplaşdığı yerlərdə əhali arasında tütünün, o cümlədən zərərli vərdişlər və narkomanlığın insan sağlamlığına vurduğu sağalmaz fəsadlar haqqında maarifləndirici söhbətlər apararaq bukletlər paylayıblar.
Eyni zamanda Daşkəsən şəhərində, rayonun qəsəbə və kəndlərində ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə materiallar yerləşdiriblər.
Qeyd edək ki, tədbir həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.1-ci bəndinin (yəni gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi) icrası məqsədi daşıyıb.