Daşkəsən rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olunub.
Daşkəsən Rayon İcra Hakimiyyəti, YAP Daşkəsən rayon təşkilatı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rayon üzrə nümayəndəliyi və rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü ilə əlaqədar rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın görkəmli oftalmoloqu, peşəkar həkim Zərifə xanım Əliyevanın və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov tibb elminin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın səhiyyə sahəsində misilsiz xidmətlərindən bəhs edən geniş məruzə ilə çıxış edib, akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu qeyd edib.
V.Məmmədov bildirib ki, Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirib. 1950-ci ildə aspiranturaya daxil olub, aspiranturanı bitirdikdən sonra respublika Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, traxomanın müalicəsində daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotiklərdən – sintomitsindən istifadə olunmasına həsr edib. 1968-ci ildən Zərifə xanım Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayıb. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil edib, 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Çoxillik elmi – tədqiqat işlərinə görə Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib. O, bir sıra orden və medallara layiq görülüb, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını alıb. Akademik respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Alimin elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
V.Məmmədov çıxışında vurğulayıb ki, elmi, pedaqoji və ictimai fəaliyyəti ilə yanaşı Zərifə xanım Əliyeva həm də gözəl ana, qayğıkeş insan, vəfalı ömür-gün yoldaşı olmuş, Azərbaycanı bütövləşdirən Qalib Xalqın Qalib Lideri möhtərəm Prezident cənab İlham Əliyevin torpağa, vətənə bağlı, əsl vətənpərvər, istedadlı bir şəxsiyyət kimi yetişməsində mühüm rol oynamışdır. Zərifə xanım Əliyevanın ömrü işığın, nurun keşikçisi olmaq kimi müqəddəs bir missiyanı daşımış və ömrü boyu bu işığın keşiyində duraraq insanlara işıq bəxş etmişdir. Bütün bu xidmətləri ilə hələ sağlığında əbədiyaşarlıq qazanaraq hər birimizin qəlbində özünə əbədi işıq yandırmışdır. Zərifə xanım bu gün bizdən ayrılsa da, onun nurlu xatirəsi bizim üçün hər zaman əziz olacaq.
Daşkəsən rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Mirzəkərim Tağıyev isə çıxışında dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıb. Bildirib ki, tibbin oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti ilə elmin ən uca zirvələrini fəth edən Zərifə xanım Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tariximizə öz sanballı möhürünü vurmuşdur. Zərifə xanım Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.
Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova çıxışında akademik Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması, elmi-pedaqoji fəaliyyəti, çoxşaxəli elmi-tədqiqat işləri, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsi və zəngin mənəviyyata sahib olmasından söz açıb.
Sonda akademik Zərifə xanım Əliyevanın zəngin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub və kitab sərgisinə baxış keçirilib.