Daşkəsən rayonunda 28 May – Müstəqillik Gününə həsr edilmiş bayram tədbiri keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyəti, YAP Daşkəsən rayon təşkilatı və rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr edilmiş bayram tədbiri təşkil olunub.
Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, Milli Məclisin deputatı Kamran Bayramov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov əvvəlcə Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur.
1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman-şərqində yaranmış ilk demokratik respublika idi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir. Əldə edilmiş bu azadlıq xalqımızın böyük tarixi mübarizəsinin, görkəmli ziyalılarımızın ümumbəşəri dəyərlərə söykənən təfəkkürünün sarsılmaz təntənəsindən qaynaqlanırdı.
Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoymuş, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikamızın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.
Nəhayət, 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan edərək yenidən öz müstəqilliyinə qovuşdu. Xalqımızın başına gəlmiş hadisələr, verilmiş qurbanlar bir daha onu göstərdi ki, xalqın azadlıq əldə etməsi ilə iş qurtarmır. Xalq öz azadlığını və müstəqilliyini qoruyub saxlamağı bacarmalıdır. Müstəqilliyimizin ilk illəri çətin ictimai-siyasi, sosial-iqtisadi böhranlarla üzləşdi. Xarici siyasətdə yaşanan uğursuzluqlar, ölkədə hökm sürən xaos, siyasi hərc-mərclik mühiti müstəqilliyin yenidən itirilməsi təhlükəsini də gündəmə gətirdi. Amma 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi bütün təhlükələri aradan qaldırdı. Heydər Əliyevin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən birdəfəlik xilas etdi və beləliklə, ölkəmizdə dövlətçiliyin yeni inkişaf mərhələsi başladı. Bu mərhələ beynəlxalq miqyasda balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, milli sərvətləri xalqın mənafelərinə yönəltmək kimi ali prinsipləri özündə ehtiva etdi.
Ulu Öndər Heydər Əliyev demişdir: “Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Ancaq müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan, möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan sözün əsl mənasında müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq. Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir”.
Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutdu. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə də öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi.
Bu gün möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyü tam təmin edilmişdir. Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bütün sahələr üzrə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, beynəlxalq aləmdə mövqelərimiz möhkəmlənir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.
Tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edən Milli Məclisin deputatı Kamran Bayramov çıxışında vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının qeyd edilməsində və 1918-1920-ci illərdə qazanılmış uğurların dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Kamran Bayramov onu da diqqətə çatdırıb ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş müdrik siyasətin layiqli davamçısı Prezident cənab İlham Əliyevin böyük siyasi iradəsi nəticəsində qalib müstəqil respublikamız daha da güclənərək beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilmişdir.
Sonra respublika, region və rayon əhəmiyyətli müxtəlif tədbirlərdə fərqlənən, uğurlar əldə edən yeniyetmə və gənclərin mükafatlandırılması mərasimi keçirilib.
Bayram tədbiri rayon məktəblilərinin ifasında bədii hissə ilə davam edib.