Daşkəsən rayonuna qar yağıb
Daşkəsən rayonuna günorta saatlarından yağan sulu qar axşam saatlarında qara çevrilib. Ucqar kəndlərə rayon mərkəzindən daha çox qarın yağması müşahidə edilsə də heç bir fəsada yol açmayıb. Yağan qarın örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində 5-10, daha yüksəklikdə yerləşən Xoşbulaq, Zinzahal, Gurbulaq, Qabaqtəpə, Astaf kimi dağ kəndlərində 15-20 santimetrə çatıb.
Avtomobil yollarında qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün rayonun müvafiq yol xidməti strukturları səfərbər olunaraq təmizləmə işləri aparıb. Yolların qardan təmizlənməsi və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün müvafiq işlər aparılmışdır. Sürüşkən olması ehtimal olunan ərazilərə qum-duz qarışığı səpilməsi üçün ehtiyat tədbirləri görülmüşdür.
Elektrik enerjisinin, təbii qazın və içməli suyun verilişində fasilələr yaranmayıb. Daşkəsən rayon İcra Hakimiyyəti tərəfindən hava şəraiti ilə əlaqədar rayonun aidiyyəti üzrə idarə və təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.