Daşkəsən rayonu ərazisində baş vermiş leysan xarakterli yağışlar fəsadlar törətmişdir.
27-28 iyul 2024-cü il tarixlərdə Daşkəsən rayonu ərazisində güclü leysan xarakterli yağışların yaratdığı sel suları nəticəsində yol, elektrik və qaz təsərrüfatına ziyan dəymişdir. Belə ki, Daşkəsən şəhər, Yuxarı Daşkəsən qəsəbəsi, Mollahəsənli, Almalı, Kollu, Çıraqlı kəndləri ərazisində elektrik dayaqlarına və transformatorlara vurduğu zərər nəticəsində həmin ərazidə yaşayan əhalinin elektrik təhcizatında fasilələr yaranmışdır.
Yuxarı Daşkəsən qəsəbəsi ərazisində ağacın aşması nəticəsində iki fərdi yaşayış evinin qaz sayğacı yararsız vəziyyətə düşmüş, qaz xidmət sahəsinin əməkdaşları tərəfindən qısa müddətdə bərpa olunmuşdur.
Yağan yağışlardan yaranmış sel sularının təsirindən Daşkəsən-Gəncə, Bayan, Quşçu, Əmirvar istiqamətində dağ yamaclarından yollara tökülmüş daş, çınqıl, qum qarışığının təmizlənməsi istiqamətində işlər davam etdirilir.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun tapşırığına uyğun olaraq rayon ərazisinə sel sularının vurduğu ziyanlar xidmət təşkilatlarının müvafiq texnikaları və daxili imkanlar hesabına aradan qaldırılır, aparılan işlər Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən nəzarətdə saxlanılır. Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.