Daşkəsən rayon Xoşbulaq kəndində “Heydər Əliyev və Azərbaycan tarixi” başlığı altında kitab sərgisi keçirilib
Avqustun 29-da Daşkəsən rayon Xoşbulaq kənd 2 nömrəli kitabxanada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitab sərgisi təşkil edilib.
Açıq havada keçirilən sərgidə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Xoşbulaq kənd 2 nömrəli kitabxanasının əməkdaşları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərginin açılışında çıxış edənlər 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Prezident cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzaladığını xatırladıb, Heydər Əliyev irisi ilə daha yaxından tanış olunması baxımından bu cür kitab sərgilərinin əhəmiyyətindən danışıblar. Bildiriblər ki, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması Ulu Öndərin şəxsiyyətinə və onun fəaliyyətinə verilən çox yüksək qiymətdir.
Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda kitabxana işinin inkişafı istiqamətində atdığı mühüm addımlardan bəhs edilib. Vurğulanıb ki, Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə müasir Azərbaycanın qurucusu və memarı, gələcək nəsillərə örnək olan Ulu Öndər Heydər Əliyevin zəngin və şərəfli həyat yolunu, çoxşaxəli fəaliyyətini, dövlətçiliyimiz tarixində müstəsna xidmətlərini özündə əks etdirən kitablar nümayiş etdirilib.