Daşkəsən rayon Uşaq İncəsənət məktəbinin şagirdlərinin konserti keçirilib
Mayın 29-da Daşkəsən rayon Uşaq İncəsənət məktəbi kollektivinin 2023-2024-cü tədris ilinin yekun hesabat konserti keçirilib.
Daşkəsən rayon Mədəniyyət Mərkəzində təşkil olunan konsertdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rayon nümayəndəsi Mürsəl İsmayıllı, Uşaq İncəsənət məktəbinin direktoru Elxan Cabbarov, rayonun mədəniyyət işçiləri, idarə, müəssisə və təşkilatların kollektivləri, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Giriş nitqi ilə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov məktəbin kollektivini tədris ilinin uğurlu yekunu münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzulayıb. O çıxışında bildirib ki, müasir dövrümüzdə Azərbaycanda bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də böyük uğurlar əldə edilmişdir. Ölkəmizdə mədəniyyətin inkişafı dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan prioritet sahələrdəndir. Təməli Ulu Öndər tərəfindən qoyulan bu ənənə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın yüksək qayğısı sayəsində son illər ölkəmizdə yeni-yeni mədəniyyət müəssisələri inşa edilərək istifadəyə verilmiş, neçə-neçə mədəniyyət obyektləri əsaslı təmir olunmuş, milli mədəniyyətimizin qorunması, inkişafı və beynəlxalq aləmdə təşviqi, istedadlı şəxslərin peşəkar inkişafına dəstəyin göstərilməsi, milli mədəniyyətin bütün sahələrində zəruri infrastrukturun, şəraitin, maddi-texniki bazanın yaradılması geniş vüsət almışdır. Respublikamızın hər yerində olduğu kimi Daşkəsən rayonunda da ölkə rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə olan qayğı daim diqqət mərkəzindədir.
Daşkəsən rayon Uşaq İncəsənət məktəbinin direktoru Elxan Cabbarov isə çıxışında məktəbin 2023-2024-cü tədris ilindəki uğurları barədə məlumat verib.
Konsertdə Uşaq İncəsənət məktəbinin tar, qarmon, nağara, kamança, fortepiano və saz ixtisasları üzrə təhsil alan şagirdlərinin Azərbaycan, rus və digər xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət ifaları izləyicilər tərəfindən maraqla qarşılanıb.
Konsertin sonunda tədris ilini müvəffəqiyyətlə başa vuran şagirdlərə fəxri fərmanlar verilib, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Daşkəsən rayon Komitəsi tərəfindən hədiyyələr təqdim olunub.