Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA DAŞINMAZ ƏMLAKIN İCBARİ SIĞORTASI ÜZRƏ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

31 may 2023 | 15:48

Mayın 31-də keçirilmiş tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, ərazi icra nümayəndələri, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Tədbirin keçirilməsinin əsas məqsədi “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin  3.9.6-1-ci bəndindən çıxış edərək yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun icbari qaydada sığortalanmasına nəzarət işinin təşkilidir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev giriş nitqində sığortalamanın, xüsusilə daşınmaz əmlakın icbari sığortası ilə əlaqədar maarifləndirmənin əhəmiyyəti barədə söz açıb. Vurğulayıb ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi üçün tətbiq edilir. Daşkəsən rayonu ərazisində dolu, leysan yağışları, güclü qar yağması, qasırğa və sel suları ilə müşayiət olunan təbii fəlakətlər tez-tez baş verir və əhaliyə ciddi maddi ziyanlar dəyir. Ona görə də, rayon ərazisində risk amili yüksəkdir. Gələcək risklərin qarşısının alınması üçün mütləq vətəndaşlar öz əmlaklarını sığortalamalıdırlar.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Məmmədov mövzuya dair geniş məruzə ilə çıxış edib. Bildirib ki, daşınmaz əmlakın icbari sığortası ölkəmizdə “İcbari sığortalar haqqında” Qanunla 2011-ci ildən etibarən məcburi hesab edilir. Əgər vətəndaş evini sığorta etdirməzsə, İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə 200 manat cərimə tətbiq edilir. Hüquqi şəxslərə cərimə tətbiq etməyə səlahiyyətli qurum Fövqəladə Hallar Nazirliyidir. Fiziki şəxslərə, yəni fərdi evlərə cərimə tətbiq etmək səlahiyyəti yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. Mənzillərin icbari sığorta məbləği Bakı şəhəri üzrə 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat, digər rayonlarda 30 manatdır. Dövlət Əmlak Məsələləri Xidməti ilə İcbari Sığorta Bürosu arasında elektron mübadilə prosesi artıq yekunlaşmışdır. Bu o deməkdir ki, iyunun 1-dən etibarən İcbari Sığorta Bürosu tərəfindən dövlət əmlak məsələləri xidmətində qeydiyyatda olan evlər, onların siyahısı elektron şəkildə görülür. 

Vüqar Məmmədov onu da diqqətə çatdırıb ki, hər hansı təbii fəlakət və ya hadisə zamanı insanlar onların əmlakına dəymiş zərərin ancaq sığortalandığı təqdirdə qarşılandığını bilməlidirlər.

Yığıncaqda rayonda daşınmaz əmlakın icbari sığortası sahəsində fəaliyyətin vəziyyəti və qarşıda duran işlər müzakirə olunub, müvafiq tapşırıq və tövsiyələr verilib.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini  

Keçidlər