DAŞKƏSƏN RAYON POLİS ŞÖBƏSİ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI NÖVBƏTİ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİB
Yanvarın 19-da Daşkəsən Rayon Polis Şöbəsinin rayonun Heydər Əliyev Mərkəzində keçirdiyi “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbirdə RİH-nin məsul işçiləri, RPŞ-nin rəisi, polis polkovniki Seymur Əfəndiyev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov, valideynlər, məktəb şagirdləri və müəllimlər iştirak edib.
Polis polkovniki Seymur Əfəndiyev Prezident cənab İlham Əliyevin Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində bütün respublikada olduğu kimi Daşkəsən rayonunda da görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumat verib, narkomanlığın cəmiyyətə vurduğu ziyanlardan, narkotiklərlə mübarizə çərçivəsində ictimai qınağın və narkotiklərə qarşı təbliğatın mütəmadi olaraq aparılmasının vacibliyindən danışıb.
Digər çıxış edənlər də antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə söz açıblar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürüblər, məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyələr veriblər.
Tədbirin sonunda narkomaniya ilə bağlı videoçarx nümayiş etdirilib, suallar cavablandırılıb.
Elmar Əliyev – VÜQARLI
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini