DAŞKƏSƏN RAYON İNZİBATİ ƏRAZİ DAİRƏSİ ÜZRƏ İCRA NÜMAYƏNDƏLƏRİ İLƏ BİRGƏ NÖVBƏTİ İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏR VƏTƏNDAŞ CƏMİYYƏTİ İNSTİTUTLARI İLƏ BİRGƏ MÜZAKİRƏ EDİLİB
Dekabrın 16-da Daşkəsən RİH-nin inzibati binasında keçirilən geniş tərkibli iclasda RİHB-nin İƏDÜN-ləri, bələdiyyə sədrləri, idarə müdirləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
İclas Daşkəsən RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Orxan Həsənovun sədrliyi ilə keçirilib. Giriş nitqi ilə çıxış edən Orxan Həsənov əvvəlcə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından iştirakçıları salamlayıb və aidiyyəti üzrə tapşırıqlarını çatdırıb. Orxan Həsənov bildirib ki, Prezident cənab İlham Əliyevin ölkənin bütün iqtisadi sahələri, o cümlədən kənd təsərrüfatı üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Dövlət Statistika Komitəsi ilə birgə rayonda müvafiq tədbirlər görülür. Bu istiqamətdə aparılan irihəcmli işlərdən biri də kənd təsərrüfatı statistikasının təşkili üçün mühüm informasiya mənbəyi olan və kənd yaşayış məntəqələri üzrə hər bir təsərrüfat haqqında geniş məlumat almaq imkanı verən təsərrüfatbaşına uçot sənədlərinin təkmilləşdirilməsidir. Odur ki, Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi və aparılması ilə bağlı məsul şəxslər mütəmadi olaraq təlimatlandırılır.
İclasın vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə keçirildiyini vurğulayan Orxan Həsənov deyib ki, bəzi hallarda kənd təsərrüfatı və əhali siyahıyaalınmaları ilə bağlı təqdim edilən müxtəlif statistik hesabatlarda uyğunsuzluqlar və dürüst olmayan məlumatlar yer alır. Xüsusilə iri və xırda buynuzlu heyvanların baş sayının bəzən hansısa maddi maraq müqabilində qəsdən şişirdilərək göstərilməsi halları müşahidə olunur ki, bu da rayon ərazisində torpaqlardan səmərəli istifadə edilməsində çətinliklər yaradır. Belə ki, rayonda yay otlaq sahələrinin alveri ilə məşğul olan işbazlar ayrı-ayrı ərazilərdən kənar şəxslərə məxsus sürüləri pul müqabilində rayona gətirib yerlərdə süni sıxlıq yaratmaqla qarşıdurmalara və kriminal münaqişələrə səbəb olurlar.
Orxan Həsənov şəffaflığın təmin edilməsi üçün vətəndaş cəmiyyəti institutlarından da verilən təkliflərin hər zaman nəzərə alındığını vurğulayaraq kollegial qərarların qəbulunda RİH ilə birgə iştirak etdiklərini yüksək qiymətləndirib, habelə hüquq-mühafizə orqanlarını da cəlb etməklə, müvafiq tədbirlərin mütəmadi aparıldığını söyləyib.
Şöbə müdiri həmçinin 2022-ci ildə RİHB-nin İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıb.
Rayon Statistika İdarəsinin rəisi Xasay Hüseynov çıxışında cari məsələlərə toxunub seçici siyahılarının və təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin vəzifələrini bir daha diqqətə çatdırıb, çoxsaylı sualları cavablandırıb.
Rayon Bələdiyyə Şurasının sədri Cavid Mehralıyev, Qızıl Aypara Cəmiyyətinin Daşkəsən rayon bölməsinin sədri Vasif Hüseynov və digərləri çıxışlarında təsərrüfatbaşına uçot kitablarının tərtibini apararkən iri və xırda buynuzlu heyvanların qeydiyyatı zamanı şəffaflığın təmin edilməsi, rayon ərazisinə heyvanların gətirilməsi zamanı sui-istifadə hallarının qarşısının alınması üçün təkliflər səsləndiriblər.
Səslənən təkliflər yekun qərarda nəzərə alınıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini