Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Astaf kənd sakinləri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq kənd və qəsəbələrdə vətəndaşlarla səyyar qəbul görüşlər keçirilir. Səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş cədvələ uyğun olaraq növbəti səyyar qəbul Astaf kəndində keçirilib.
Qəbulda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb.
O.Abbasov sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Sonra söz sakinlərə verilib.
Sakinlər kənddaxili avtomobil yolunun cari təmir olunmasını, əraziyə təbii qaz xəttinin çəkilməsini, nasaz elektrik dirəklərinin dəyişdirilməsi, məşğulluq, tibb məntəqəsinin tikintisi və digər şəxsi məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbərliyi tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.