DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ÇOVDAR KƏNDİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB
Mayın 24-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin növbəti səyyar qəbulu Çovdar kəndində keçirilib. İcra başçısı Əhəd Abıyev ilə səyyar qəbulda rayon prokuroru Şahin İmanov, DTX-nin rayon şöbəsinin rəisi Natiq Musayev, rayon Polis şöbəsi rəisinin müavini Gündüz İsmayılov, səhiyyə, təhsil, mədəniyyət və xidmət təşkilatlarının rəhbərləri, ərazinin icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Əhəd Abıyev səyyar qəbulda bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, bütün sahələr üzrə yüksək inkişaf əldə edilmiş, əhalinin rifah halı yüksəlmiş, regionların siması əhəmiyyətli dərəcədə dəyişmiş və bu dəyişiklik hər bir vətəndaşımızın həyatına müsbət təsir göstərmişdir.
Əhəd Abıyev çıxışında qeyd edib ki, Prezident cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli müvafiq Sərəncamı ilə hasilata başlayan ən müasir texnologiyalara malik “Çovdar” qızıl zavodu hazırda Daşkəsən rayonunda işsizliyi aradan qaldırmaqla, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına çox böyük ciddi təkan verir.
Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikası Prezidentinin “Daşkəsən rayonunun Gəncə-Daşkəsən (27 km)-Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” 4 aprel 2019-cu il tarixli Sərəncamı ilə Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisinin başa çatdırıldığını da vurğulayıb. Həmçinin bildirib ki, ötən dövrlərdə Çovdar kəndinin elektrik, su təchizatının yaxşılaşdırılması, məktəb, tibb məntəqəsi, kitabxananın fəaliyyəti və əhalinin məşğulluğunun artırılması ilə bağlı bir sıra işlər görülmüşdür.
Daha sonra sakinlərin müraciətlərini fərdi qaydada dinləyən Əhəd Abıyev qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tapşırıqlarını verib.
Müraciətlər kəndə əlavə su xəttinin çəkilməsi, təhlükəli vəziyyət yaradan elektrik dirəklərinin dəyişdirilməsi, işlə təmin olunma və digər şəxsi məsələlər barəsində olub.
Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də nəzarət qaydasında araşdırılması üçün qeydiyyata götürülüb.
Çovdar kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini