Daşkəsən Rayon İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elektrik enerjisindən və sudan qənaətlə istifadə ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən Elektrik şəbəkəsinin, Daşkəsən Sukanal sahəsinin məsul əməkdaşları və rayon ictimayətinin nümayəndələri iştirak etmişdir.
Maarifləndirici tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Bəhmən Verdiyev, böyük məsləhətçiləri Elmin Paşayev və Ayaz Allahyarov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasətə uyğun olaraq bərpa olunan enerji mənbələrindən və sudan qənaətlə istifadənin inkişafı istiqamətində ölkəmizdə görülən işlərdən bəhs edərək, həyata keçirilən layihələr, prioritetlər və gələcək hədəflər barədə məlumatlar verilib. 2024-cü ilin ölkə başçısı tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və Azərbaycanın COP 29-a ev sahibliyinin həm bərpa olunan enerjidən və sudan səmərəli istifadənin, həm də müvafiq istiqamətdə məlumatlılığın artırılmasına yeni fürsətlər yaratdığı qeyd edilib. Görüşdə bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı ilə yanaşı, su və enerji kimi resurslara qənaət, ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması barədə məlumatlar qeyd olunub. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış elektrik enerjisindən və sudan qənaətlə istifadənin təbliğ edilməsinə dair məlumatlandırıcı materiallar paylanılıb.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elektrik enerjisindən və sudan qənaətlə istifadənin təbliğ edilməsi istiqamətində həyata keçirilən tədbirlər Daşkəsəndə mütəmadi olaraq davam etdiriləcəkdir.