DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNDƏ “VƏTƏNDAŞ CƏMİYYƏTİ İNSTİTUTLARI İLƏ DÖVLƏT ORQANLARININ ƏMƏKDAŞLIĞININ DAHA GÜCLƏNDİRİLMƏSİ” MÖVZUSUNDA DƏYİRMİ MASA TƏŞKİL OLUNUB
Dekabrın 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən dəyirmi masada RİHBA-nın məsul əməkdaşları, rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə müdirləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinin icrasını təmin etmək məqsədi daşıyıb.
Giriş nitqi ilə çıxış edən RİHBA-nın məsul işçisi Elmar Əliyev bildirib ki, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində Daşkəsən rayonunda görülən işlərin tərkib hissəsi olaraq rayonda dövlət orqanlarında kollegial qərarların qəbulu prosedurlarında vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı üçün şərait yaradılır, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirici layihələrin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Görülən işlərin nəticəsi vətəndaş cəmiyyəti institutları ilə rayonda dövlət orqanlarının sıx əməkdaşlığına nail olmaqdır. Prezident cənab İlham Əliyev korrupsiyaya qarşı mübarizədə inzibati-profilaktik tədbirlərlə yanaşı, maarifləndirmə və təbliğat işinə də ciddi fikir verməyi zəruri hesab edir. Dövlətimizin başçısı korrupsiyaya qarşı mübarizədən danışarkən belə əməllərə yol verənlərə dəfələrlə ciddi xəbərdarlıq edib.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai şuranın sədri Samir Həsənov çıxışında deyib kİ, vətəndaş cəmiyyəti və hüquqi dövlətin arasındakı qarşılıqlı münasibətlərdən danışarkən, burada şaquli əlaqələrin üfüqi əlaqələrə və əksinə, çevrilməsi prosesi baş verir. Demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır. Vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəldikdə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır.
Tədbir iştirakçıları dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılmasının, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasının, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.
Digər çıxış edənlər də Azərbaycanda vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizədə fəal iştirak etdiyini, qanunvericiliyin formalaşdırılmasına cəlb olunduğunu, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının önəmini xüsusi vurğulayıblar.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini