DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNDƏ “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ “20 YANVAR HƏQİQƏTLƏRİNİN DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRILMASINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ROLU” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB
Yanvarın 18-də Daşkəsən Rayon İcra Hakimiyyətində “Heydər Əliyev İli” çərçivəsində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa təşkil olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib:
- Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilmiş və dövlət başçımızın 28 noyabr 2022-ci il tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunmuşdur. Bu xüsusi Sərəncamın imzalaması və Tədbirlər Planının təsdiq olunması dahi şəxsiyyət, müstəqil müasir Azərbaycanın memarı, görkəmli ictimai-siyasi dövlət xadimi Ulu Öndər Heydər Əliyevin möhtəşəm həyat fəaliyyətinə, dünya tarixindəki yeri və mövqeyinə, müstəqil dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərinə dövlət səviyyəsində göstərilən yüksək münasibətin, verilmiş böyük qiymətin əməli ifadəsidir. Son yarım əsrdə Azərbaycan tarixindəki bütün parlaq hadisələr və nailiyyətlər məhz Heydər Əliyevin ölməz adı və ideyaları ilə bağlıdır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və ölkənin digər rayonlarında sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını məhv etmək idi.
Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, Bakıda baş verən qırğını dünya ictimaiyyətinə çatdırdı. Mətbuat konfransında Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı imperiyanın mərkəzində - Moskvada faciəyə verilən ilk siyasi qiymət idi.
O da məlumdur ki, 1990-cı il yanvarın 20-də Bakı şəhərində baş verən faciənin qarşısının alınmasında Ulu Öndərimizin müstəsna xidmətləri olmuşdur. Belə ki, Bakıda şanlı Xəzər dənizçiləri “Sabit Orucov” gəmisindən ardıcıl SOS həyəcan siqnalları vermiş, limana yığışaraq rus gəmilərinin çıxışına imkan verməmiş və Bakıda törədiləcək daha dəhşətli qırğınların qarşısını almışlar. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqımızın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qərar qəbul edildi və 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 20 Yanvar faciəsi qurbanlarının, habelə müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoymuşdur. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir, şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Diqqətinizə çatdırım ki, Prezident cənab İlham Əliyevin 13 yanvar 2023-cü il tarixli Fərmanı ilə 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilmişdir.
Bu il xalqımız 20 Yanvar hadisələrinin otuz üçüncü ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla anır. Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilmişdir.
Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun!
Digər çıxış edənlər də 33 il əvvəl Bakıda törədilmiş qanlı faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıb, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin parlaq səhifəsi adlandırıblar.
Sonda 20 Yanvar faciəsinin mahiyyətini özündə əks etdirən ideya müəllifi, sifarişçisi və məsləhətçisi Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev olan “Ağrılı xatirələr” adlı sənədli filmə baxış keçirilib.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini