Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətində “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçirilib

29 mart 2024 | 10:26

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 23 noyabr 2018-ci il tarixli, 739 nömrəli Sərəncamının 8.9.3-cü “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlimlər keçirilməsi” bəndinin icrası ilə əlaqədar Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim keçirilmişdir. Təlimdə RİHBA-nın məsul əməkdaşları, ərazi icra nümayəndələri və ərazidə fəaliyyət göstərən qurumlarda olan dövlət qulluqçuları  iştirak etmişlər.

RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sahib Əhmədov “Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” adlı mühazirə ilə çıxış etmişdir.

Məruzəçi çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən 24 noyabr 2020-ci il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və Qanunun tətbiqi ilə bağlı 26 dekabr 2020-ci il tarixində Fərman imzalanmışdır. Dəyişikliklər dövlət qulluqçusunun fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsini nəzərdə tutur. Məhz təşkil olunmuş təlimin əsas məqsədi bu dəyişikliklərin izahı və həyata keçirilməsi metodlarının rəhbər heyətin diqqətinə çatdırılması olmuşdur.

Sahib Əhmədov təlim iştirakçılarına ölkəmizdə dövlət qulluğunun formalaşması, qanunverici bazası haqqında məlumat verərək qeyd etmişdir ki, Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin 6 aprel 2021-ci il tarixli “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”na əsasən aparılır. Mühazirəçi həmçinin təlim iştirakçılarına dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin beynəlxalq təcrübəsi, qiymətləndirmənin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsində rotasiyanın rolu barədə məlumat vermişdir. S.Əhmədov qeyd etmişdir ki, Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiyada da dövlət orqanlarının struktur bölmələrinin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi mühüm məsələ kimi qeyd olunur. Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi və bir sıra əlaqəli sahələrdə əsaslı islahatların həyata keçirilməsini nəzərdə tutur.

Sahib Əhmədov həmçinin ölkə prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci ildə imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamı qeyd edərək növbəti onillikdə ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetin reallaşdırılmasında dövlət qulluqçularının qarşısında duran mühüm vəzifələri təlim iştirakçılarının diqqətinə çatdırıb.

Vurğulanmışdır ki, qiymətləndirilmənin nəticələrinə dair yekun hesabatlar tələb olunan müddətədək Mərkəzə təqdim edilmiş, bir sıra hallarda bilavasitə rəhbərlər tərəfindən dövlət qulluqçularının xidməti fəaliyyətinə qiymət verilərkən formal yanaşmalara yol verilməmişdir.

Hər bir dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq onun barəsində tətbiq olunması nəzərdə tutulan tədbir həmin qiymətə dair “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” ilə müəyyən edilmiş tədbirlərə uyğun seçilmişdir.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılmış və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi mövzusu ilə bağlı verilən təkliflər əsasında geniş fikir mübadiləsi aparılmışdır.

 

Keçidlər