DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ YANINDA İCTİMAİ ŞURANIN RAYON ƏRAZİSİNDƏ PLANLAŞDIRILAN MONUMENTAL HEYKƏLTƏRAŞLIQ ABİDƏLƏRİ, XATİRƏ-MEMORİAL VƏ MEMARLIQ KOMPLEKSLƏRİNİN ÜMUMİ GÖRKƏMİNİN QORUNUB SAXLANMASI VƏ ƏTRAFININ ABADLAŞDIRILMASI MÖVZUSUNDA NÖVBƏTİ İCTİMAİ MÜZAKİRƏSİ OLUB, İLLİK HESABATI DİNLƏNİLİB
Dekabrın 1-də Daşkəsən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti yığıncağı rayon ərazisində planlaşdırılan monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin (şəhid bulağı, şəhid şəkillərindən ibarət lövhə və s.) ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılması işlərinin mövcud normalara uyğun aparılmasına həsr edilib, həmçinin İctimai Şuranın illik hesabatı da dinlənilib.
İctimai Şuranın sədri Samir Həsənov bildirib ki, ötən dövr ərzində 6 nəfərdən ibarət olan şura kollektivi rayonun ictimai həyatında yaxından iştirak etmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 yanvar 2014-cü il tarixdə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi barədə imzaladığı fərmanın tələblərinə uyğun fəaliyyət göstərmişdir. Rayonun qeyri-hökumət təşkilatlarını və vətəndaş cəmiyyətinin digər institutlarını təmsil edən Şura Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq keçirdiyi yığıncaqlarda ilk növbədə rayon sakinlərini narahat edən sosial-iqtisadi, ictimai-mədəni məsələlər, qaldırılan məsələlərin həll olunması prosesi, ümumiyyətlə, vətəndaş-məmur münasibətlərinin real vəziyyəti müzakirə edilmiş, bir sıra mühüm işlər görülmüşdür. Şuranın fəaliyyətinin yarısı pandemiya dövrünə təsadüf etdiyinə görə, bu dövrdə işlər Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyəsi əsasında qurulmuşdur. Həmin dövrdə də Şura üzvləri istər yerli mətbuat, sosial şəbəkələr, istərsə də vətəndaşlarla görüşlər zamanı İctimai Şuranın hüquq və vəzifələri barədə maarifləndirici görüşlər keçirmiş, insanları narahat edən məsələlərlə bağlı dinləmələr təşkil etmiş, onların arzu və təkliflərini öyrənmişlər. Qaldırılan məsələlər barədə dövlət qurumlarına, xüsusən, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatına məlumat verilmiş və bir çox problemlərin müsbət həllinə nail olunmuşdur.
Samir Həsənov məruzəsində qeyd edib ki, ictimai şuralar bu gün respublikanın ictimai həyatında yeni fəaliyyət dövrünü yaşayır. Təsadüfi deyildir ki, bu ilin may ayından başlayaraq bölgələrdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı zona konfransları keçirmişdir. Daşkəsən rayonunda fəaliyyət göstərən İctimai Şuranın üzvləri də Gəncə şəhərində təşkil edilən zona konfransında iştirak etmiş və son bir ildə gördükləri işlərdən, əldə etdikləri müsbət təcrübədən və onları narahat edən digər məsələlərdən danışmışlar. Konfransda İctimai Şura ilə bağlı Daşkəsəndə qurulan iş müsbət qiymətləndirilmiş və bununla bərabər ictimai fəaliyyətin sosial media üzərindən təşkilinin müasir fəaliyyətdə daha çox səmərə verəcəyi vurğulanmışdır.
Sonra Samir Həsənov İctimai Şura üzvlərinin təklif və rəylərini səsləndirmişdir. O diqqətə çatdırmışdır ki, rayon ərazisində xüsusilə şəhidlərimizlə bağlı planlaşdırılan monumental heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılması işlərinin mövcud normalara uyğun aparılmasına böyük ehtiyac vardır. Belə ki, Şura üzvləri bir neçə şəhid ailələrində olmuş, onların şəhid bulaqları və lövhələrlə bağlı həyata keçirməyi planlaşdırdıqları layihələrlə tanış olmuşlar. Şura üzvləri bu kimi fəaliyyətlərin Azərbaycan Respublikası Prezidentinin 19.08.2009-cu il tarixli 444 nömrəli Sərəncamında göstərilən qaydada icra edilməsinə nəzarətin aparılmasını təklif etmişlər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev yığıncaqda bildirib ki, Rayon İcra Hakimiyyəti qaldırılan hər bir məsələyə münasibət bildirir və hər bir müraciət nəzarətə götürülərək həlli üçün müvafiq addımlar atılır. Habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən sosial və iqtisadi layihələr Daşkəsən rayonunda uğurla həll olunur. İnsanların rifah halı getdikcə yaxşılaşır, sosial və mədəni həyatda quruculuq və abadlıq işləri genişlənir. Məmur-vətəndaş münasibətləri indi daha çox məmnunluq yaradır. Bununla belə sevindirici haldır ki, sosial inkişafdan doğan və vətəndaşları narahat edən məsələlər İctimai Şura tərəfindən də qaldırılır. Çünki yerlərdə şuralara inam və etibar getdikcə artır.
Müzakirələr zamanı digər təkliflər də səsləndirilib, Şura üzvlərinin müxtəlif sualları cavablandırılıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini