Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov vətəndaşların səyyar qəbulunu keçirib
Noyabrın 22-də rayonun Dardərə kənd sakinləri ilə keçirilən səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, YAP Daşkəsən rayon təşkilatının sədri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov kənd sakinlərini salamlayaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq yerlərdə vətəndaşların səyyar qəbul-görüşləri keçirilir. Məqsəd vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
V.Məmmədov daha sonra əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan yaşayış məntəqələrinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib. Ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonda aparılan tikinti, quruculuq və abadlıq işlərindən danışıb.
Sonra sakinlərin müraciətləri dinlənilib. Kənd sakini Quliyeva Ülviyyə kənd kitabxanasının və mədəniyyət evinin əsaslı təmir olunması, Əliyeva Aygün internetin çəkilməsi, Quliyev Hüsaməddin qaz xəttinin çəkilməsi, Məmmədov Niyaz yolların əsaslı təmir olunması, Quliyev Elməddin ünvanlı dövlət sosial yardımın təyin olunmasına kömək edilməsi, Quliyev Mobil ərazidə elektrik dayaqlarının dəyişdirilməsi, Həsənov Babək elektrikverici xətlərdə gərginliyin aşağı olması barədə müraciətlər etmişlər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən kənd sakinləri vətəndaşların problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.