Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.
21 noyabr 2023-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir. İclasda “Vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması və tələblərinin həll edilməsinin təmin edilməsi, icra hakimiyyəti orqanlarının aparatlarında nizam-intizamın gücləndirilməsi üçün zəruri tədbirlərin görülməsi barədə”, “Rayon üzrə 2023-cü ilin 9 ayı ərzində yerli büdcənin icrasının yerinə yetirilməsi barədə” və “Rayonun mədəniyyət müəssisələrinin və Daşkəsən şəhər uşaq incəsənət məktəbinin fəaliyyəti barədə” məsələlər müzakirə olunub.
İclasda şura üzvləri, fəaliyyətləri müzakirə olunan idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak edib.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov iclası giriş sözü ilə açaraq qeyd etmişdir ki, əlamətdar və tarixi hadisələrlə qeyd etdiyimiz 2023-cü ili yola salmağa 40 gündən də az bir zaman qalıb. 2020-ci ildə olduğu kimi bu ilin sonlarına doğru ömrünü xalqının və dövlətinin varlığına və tərəqqisinə həsr etmiş ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə Azərbaycan xalqı dövlətçilik və müstəqillik tarixinin daha bir möhtəşəm səhifəsini yaşamış oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən haqq savaşında rəşadətli ordumuz işğalçı Ermənistanı döyüş meydanında məğlub edərək torpaqlarımızı işğaldan azad etdiyi kimi, bu ilin sonunda da tarixi torpaqlarımıza - Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və Ağdərəyə qayıdaraq dövlətimizin ərazi bütövlüyünü tam bərpa etdi.
2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyev deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Heydər Əliyevin ən böyük arzuları işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtması idi. Ümummilli lider Heydər Əliyev Azərbaycanı daha güclü etmək, xalqımızın daha gözəl günlərini görmək istəyirdi. Ulu Öndərin ruhu bu gün şaddır, çünki Azərbaycan bu gün onun ən layiqli siyasi davamçı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən güclü dövrünü yaşayır. Müzəffər Ali Baş Komandanımız Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla həm də Ulu Öndərin arzuları çin oldu, vəsiyyəti yerinə yetirildi. 2023-cü ildə Qarabağ probleminin həll olunması Heydər Əliyevin 100 illiyinə Qüdrətli Azərbaycanın dövlət başçısının ən böyük töhfəsidir.
V.Məmmədov çıxşına davam edərək qeyd etmişdir ki, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 31 il ötür. Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın yeganə ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyev idi. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi.
1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas etdi, onun gələcək uğurlarına yol açdı.
Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.
Sonra Şura iclasının gündəliyində duran məsələlər barədə məlumat verilib.
“Vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması və tələblərinin həll edilməsinin təmin edilməsi, icra hakimiyyəti orqanlarının aparatlarında nizam-intizamın gücləndirilməsi üçün zəruri tədbirlərin görülməsi barədə” Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sahib Əhmədovun, “Rayon üzrə 2023-cü ilin 9 ayı ərzində yerli büdcənin icrasının yerinə yetirilməsi barədə” rayon üzrə Maliyyə şöbəsinin rəisi Natiq Zeynalovun, “Rayonun mədəniyyət müəssisələrinin və Daşkəsən şəhər uşaq incəsənət məktəbinin fəaliyyəti barədə” məsələlər İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevin hazırladığı arayış dinlənilib. Məruzəçilər rayon ərazisində gündəlikdə nəzərdə tutulan həyata keçirilmiş tədbirlər və gələcək vəzifələr barədə Şura üzvləri qarşısında çıxış edib.
Daha sonra Şuranın müzakirəsinə çıxarılan məsələlər ətrafında geniş müzakirələr aparılıb, Vüqar Məmmədov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Çıxış və müzakirələr başa çatdıqdan sonra hər bir məsələ ilə bağlı Şura iclasının qərarları qəbul edilib.