Daşkəsən rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
İyunun 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının 31-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər 15 İyun - Milli Qurtuluş Gününün tarixindən, Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə həyata keçirilən işlərdən və onun siyasi kursunun bu gün möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Ordumuzun qazandığı tarixi Qələbənin əhəmiyyətindən danışıblar.
Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova məruzəsində bildirib ki, Azərbaycanın qazandığı bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının dayanır. 2003-cü ildən ölkəmizə uğurla rəhbərlik edən Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin milli qurtuluş konsepsiyasını inamla həyata keçirdi. Bununla da xalqımızın hərtərəfli rifahına nail olundu. Ulu Öndərin bütün arzuları, planları və ən əsası özündə tarixi torpaqlarımızın azadlığını ehtiva edən müqəddəs ata vəsiyyəti Prezident cənab İlham Əliyev tərəfindən əzmlə, fədakarlıqla yerinə yetirildi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda başlatdığı milli qurtuluş savaşımız 2020-ci ilin 10 noyabrında müdrik rəhbərimizin layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin qətiyyətli siyasəti, peşəkar diplomatik gedişləri və mahir sərkərdəlik məharəti sayəsində öz məntiqi sonluğuna çatdı. Bununla da müstəqil, qüdrətli, ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanın həyatında yeni səhifələr açıldı.
Tədbir ədəbi-bədii hissə ilə davam edib. Şagirdlərin hazırladıqları bayram əhval-ruhiyyəli çıxışlar və rəqs nümunələri maraqla qarşılanıb.