Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayon Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib

16 may 2024 | 09:57

Mayın 16-da keçirilən Daşkəsən rayon Ağsaqqallar Şurasının növbəti  illik hesabat yığıncağında Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və məsul şəxsləri Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov və mətbuat xidmətinin katibi Rafiq Rzayev, Daşkəsən rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, şuranın üzvləri, ziyalılar, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lideri Heydər Əliyevin büstünün  önünə  gül-çiçək dəstələri düzüblər.

Konfrans Dövlət himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsini yad etməklə başlayıb.

Konfransı giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov qonaqları və  ağsaqqalları salamladıqdan sonra rayon ictimaiyyəti adından başda Respublika Ağsaqqallar Şurasının sədri hörmətli Eldar Quliyev olmaqla konfrans iştirakçılarına xoş arzularını çatdırıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin böyük müdrikliklə söylədiyi “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kəlamı yaşlı nəslə verilən ən yüksək qiymətdir. Bu gün möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həmin ənənə uğurla davam etdirilir. Dövlət başçısı daim ağsaqqallara diqqət və qayğı göstərir.

Vüqar Məmmədov vurğulayıb ki, cəmiyyətin bütün sahələrində hər zaman ağsaqqal nüfuzuna, ağsaqqal tövsiyəsinə və sözünə ehtiyac var. Daşkəsən rayon ağsaqqalları da rayonun bütün sahələrində yüksək fəallıq göstərərək öz nüfuzlarından əhalinin mənafeyi naminə istifadə edirlər. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, əxlaqi normaların, sağlam həyat tərzinin təbliği, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bir çox işlər görən rayon ağsaqqalları həmişə dövlətimizin və dövlətçiliyimizin yanındadırlar, Ulu Öndərin azərbaycançılıq ideologiyasını və möhtərəm Prezident cənab İlham Əliyevin daxili və xarici siyasətini birmənalı olaraq dəstəkləyirlər. Onlar müntəzəm şəkildə vətəndaşlarla, xüsusilə gənclərlə, şəhid ailələrinin üzvləri və qazilərlə görüşlər, tədbirlər keçirərək öz maarifləndirici ağsaqqallıq missiyalarını böyük həvəslə davam etdirirlər.  Ölkəmizin tarixi məqamlarında hər zaman öndə olan daşkəsənli ağsaqqallar və ağbirçəklər bu il fevral ayında keçirilən növbədənkənar prezident seçkilərində də üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər. Rayon Ağsaqqallar Şurasının yüzlərlə üzvü seçkilərdə yüksək fəallıqları ilə bir daha sübut etdilər ki, Azərbaycanın alternativsiz Prezidenti qalib xalqın qalib Lideri cənab İlham Əliyevdir.

Vüqar Məmmədov çıxışının sonunda Daşkəsən Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirərək bundan sonra da onlara xoşməramlı, məsul və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıb.

Gündəliyə uyğun olaraq Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev geniş hesabat məruzəsi ilə çıxış edib, ötən dövr ərzində görülən işlər barədə ətraflı məlumat verib.

Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov isə Şuranın fəaliyyəti və qarşıda duran vəzifələr barədə geniş söhbət açıb.

Daha sonra hesabat məruzəsi ətrafında rayon ağsaqqallarından Malik Ələsgərov, Xudayar Ələkbərov, şəhid anası Qızbəs Abbasova, YAP rayon təşkilatının sədri Meydanəli Yolçiyev  çıxış edərək hesabat dövründə Daşkəsən rayon Ağsaqqallar Şurası tərəfindən çoxsaylı tədbirlərin keçirildiyini, dəyərli təşəbbüslərin irəli sürüldüyünü, verilən təkliflərin ictimaiyyət tərəfindən müsbət qarşılandığını və bir çox məsələlərin həllinə yüksək səviyyədə nail olunduğunu vurğulayıblar.

Müzakirələrdən sonra Daşkəsən rayon Ağsaqqallar Şurasının fəaliyyətinə dair illik hesabatı səsə qoyularaq yekdilliklə məqbul hesab edilib.

Konfransın sonunda rayonun ictimai-siyasi həyatında fəallıq göstərmiş bir qrup ağsaqqal və fəal ictimaiyyət nümayəndələri Daşkəsən Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.

Keçidlər