Daşkəsən qəsəbəsində sakinlərin müraciətləri dinlənilib
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov rayonun Daşkəsən qəsəbə tam orta məktəbində sakinlərlə səyyar görüş keçirib.
Görüşdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və qəsəbə sakinləri iştirak ediblər.
V.Məmmədov keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.
Səyyar görüşdə sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, ərazidə olan transformatorun dəyişdirilməsi, qəzalı elektrik dayaqlarının yenilənməsi, özünəməşğulluq proqramı çərçivəsində mal-qaranın verilməsinə kömək, ərazidə ixtisaslı tibb işçisinin olmaması, qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar yollara qum-duz səpilməsi və digər şəxsi məsələlərlə bağlı olub.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər yerlərdə onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.