“Daşkəsən məktəbliləri debatda” layihəsi başa çatıb
Fevralın 22-də Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olmuş “Daşkəsən məktəbliləri debatda” layihəsinin yekunu münasibətilə şagirdlərlə panel görüş, qaliblər və ən yaxşı natiqlərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, "Vətəndaş Cəmiyyətində Debat" İctimai birliyinin nümayəndəsi Elşən Tağıyev, rayon Təhsil Sektorunun məsul əməkdaşları, məktəb direktorları, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Layihənin rəhbəri Səbinə Qədirova giriş nitqində bildirib ki, müvvəfəqiyyətlə başa çatan Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olmuş “Daşkəsən məktəbliləri debatda” layihəsinin əsas məqsədi Daşkəsən məktəblilərinin müasir düşünmə, səlis nitqinin formalaşdırılması, məktəblilər arasında debat ənənəsinin yaradılması, düzgün hədəfə çatmaq bacarıqlarının inkişafı üçün debat təlimlərinə cəlb edilməsi olmuşdur. Layihə çərçivəsində rayonunun İ.Nəsimi adına 1 nömrəli, A.Mürsəlov adına 2 nömrəli, S.Vurğun adına 4 nömrəli, Yuxarı Daşkəsən qəsəbə Z.Bağırov adına və Aşağı Daşkəsən kənd G.İsmayılov adına tam orta məktəblərin şagirdləri ilə görüşlər keçirilmişdir. Qeyd olunan məktəblərin 250-yə yaxın şagirdi “Google forms” platformasında hazırlanan onlayn seçim mərhələsində iştirak etmiş, onlardan 110 nəfər seçilərək müzakirəli müsahibə mərhələsində iştirak etmişlər. Ümumilikdə 250-yə yaxın şagird arasından istedadlı və könüllü 45 şagird "Natiqlik", "Düzgün ünsiyyət strategiyası”, "Liderlik" və "Debat" təlimlərindən yararlanmışlar.
Şagirdlərlə panel görüşdə çıxış edən Vüqar Məmmədov, Anar Qədiməliyev və Elşən Tağıyev keçirilmiş təlimlərin əhəmiyyətini qeyd edərək layihənin məktəb şagirdlərinin fərdi inkişafına böyük töhfə verdiyini, onların komanda ilə işləmə, araşdırma və təqdimat bacarıqlarını artırdığını vurğulayıb, layihənin keçirilməsinə dəstək verdiyi üçün Elm və Təhsil Nazirliyinə minnətdarlıqlarını bildirib, bu cür layihələrin rayonda davamlı olmasını arzulayıblar. Habelə şagirdlərin ünsiyyət, özünütəqdimetmə və natiqlik sənətinin əhəmiyyəti barədə suallarını cavablandırıblar.
Gərgin rəqabət şəraitində keçirilmiş Debat Çempionatında 1-ci yerin qalibi Daşkəsən şəhəri A.Mürsəlov adına 2 nömrəli məktəbin “Qütb Ulduzları” komandasına kubokun və ən yaxşı natiqlərə isə diplom və medalların təqdimatı olub.
Sonda xatirə şəkli çəkilib.