DAŞKƏSƏN KOB DOSTU ƏHMƏDLİ KƏNDİNDƏ GÖRÜŞ KEÇİRİB
Oktyabrın 6-da Daşkəsən KOB dostu Muraz Məmmədovun Əhmədli kəndində keçirdiyi görüşdə Daşkəsən RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Orxan Həsənov, rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov, sahibkarlar, həmçinin sahibkar olmaq istəyən gənclər iştirak ediblər.
Görüşü giriş nitqi ilə açan RİHBA-nın məsul işçisi Orxan Həsənov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından iştirakçıları salamlayıb və bildirib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən Daşkəsən rayonunda göstərilən dəstək və xidmətlər barəsində sahibkarların, o cümlədən əhalinin məlumatlandırılması üçün yerlərdə belə görüşlər davam etdirilir. Həmçinin Orxan Həsənov vurğulayıb ki, Daşkəsən KOB dostu ofisində sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb, habelə KOB dostu ilə birgə “KOB könüllüləri” də fəaliyyət göstərir.
Daşkəsən KOB dostu Muraz Məmmədov KOBİA-nın rayondakı uğurlu fəaliyyəti, sahibkarlarla bağlı həyata keçirilən tədbirlər, o cümlədən “KOB Dostu” mexanizmi barədə məlumat verib, sahibkarları KOBİA-nın xidmətlərindən yararlanmağa çağırıb.
Çıxış edən Daşkəsən Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov ötən dövrlərdə daşkəsənli gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində rayonda sahibkarlıq fəaliyyətinin getdikcə mühüm yer tutmasından, habelə gənclərin bu sahəyə artan marağından danışıb.
Sonra Əhmədli inzibati ərazi vahidliyində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb, sahibkarların sualları cavablandırılıb, müraciətləri qeydə alınıb və məlumatlandırıcı bukletlər paylanıb.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini