Daşkəsən ərazisinə güclü qar yağıb
Yazın gəlməsinə baxmayaraq, Daşkəsənə martın 25-i və 26-sı tarixlərində güclü qar yağıb.
Qarın qalınlığı Daşkəsən rayon mərkəzində 15 santimetr, daha yüksək dağlıq ərazilərdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı, Gurbulaq, Dəstəfur, Əhmədli, Mollahəsənli kəndlərdə 25-30 santimetrə çatıb.
Rayon rəhbərliyinin tapşırığına uyğun olaraq, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün mütəmadi təmizləmə işləri aparılıb, qum-duz qarışığı səpilib.
Elektrik enerjisinin, qazın və içməli suyun verilişində fasilələr yaranmayıb.
Hazırda rayon ərazisində şaxtalı qeyri-sabit hava şəraiti davam edir. Rayonun bütün idarə, müəssisə və xidmət təşkilatları işini hava proqnozlarını nəzərə almaqla qururlar.