Çanaqçı kəndində vətəndaşlarla növbəti səyyar görüş keçirilib
Daşkəsən rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlarla növbəti səyyar görüş Çanaqçı kəndində keçirilib. Qəbulda RİHBA-nın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən V.Məmmədov bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılması, problemlərin icrası ilə bağlı əlverişli mexanizmlərin təklif edilməsi bütün dövlət məmurları qarşısında qoyulan başlıca tələblərdəndir və Rayon İcra Hakimiyyəti bu istiqamətdə bütün mümkün addımları atır.
O, daha sonra çıxışında bildirib ki, Möhtərəm Prezident cənab İlham Əliyevin dövlətimiz və xalqımız qarşısında ən böyük tarixi xidməti əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, Azərbaycan torpaqlarında XIX əsrin əvvəllərindən kök atmağa başlamış mənfur erməni separatizminə son qoyulmasıdır. Vətən müharibəsindəki Zəfərimizin, bütün ərazilərimiz üzərində milli suverenliyimizin müəllifi olan Prezident cənab İlham Əliyev bununla Ulu Öndər Heydər Əliyevin arzularını çin etdi, ata vəsiyyətini layiqincə yerinə yetirdi.
Prezident cənab İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində etdiyi proqram xarakterli çıxışının məzmunu əhatəli idi və təsadüfi deyil ki, geniş siyasi-ictimai marağa səbəb oldu, xalqımızın tarixi baxışları, ölkəmizin bugünkü nailiyyətləri və gələcək milli hədəfləri ilə vəhdət təşkil etdi.
Ən əsası, bu çıxış Müzəffər Ali Baş Komandanın ötən 20 illik fəaliyyətinin qədirbilən xalqımızın zəfər tarixində həmişə yaşayacaq uğur hesabatı idi. Hansı ki, bu hesabat 20 illik yüksəliş və inkişaf mərhələsinin möhtəşəm nailiyyətlərini və tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın şərəf salnaməsini gözlərimiz önündə bir daha canlandırdı. Prezident cənab İlham Əliyevin "Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!" sözləri ötən 20 illik dövrün bütün uğurlarının, xalqımızın uzun illərdən bəri arzu və istəklərinin ümumiləşdirilmiş möhtəşəm ifadəsinə çevrildi.
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərk etməsi yeni tariximizin mühüm hadisələrindən biridir. Bu, Azərbaycanın milli mənafelərinin qorunması müstəvisində strateji uğurumuz olmaqla, həm də onu göstərir ki, Qarabağ problemi tam həll olunub. Sülhməramlıların Azərbaycanı vaxtından da tez tərk etməsi bir daha Prezident İlham Əliyevin qətiyyətli və strateji baxımdan dərindən düşünülmüş, olduqca uzaqgörən siyasət yürütdüyünü bir daha nümayiş etdirdi.
Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməyə başlamasının ardınca Azərbaycan ictimaiyyəti növbəti xoş müjdəyə sevindi. Belə ki, Azərbaycanla Ermənistan arasında aprelin 19-da keçirilən dövlət sərhədinin delimitasiyası üzrə görüşdə delimitasiya prosesinin ilkin mərhələsində sərhəd xəttinin ayrı-ayrı hissələrinin keçmiş Sovetlər İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq, Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasından bilavasitə keçməsini razılaşdırdılar. Bu o demək idi ki, hazırda Ermənistanın işğalı altında olan bu 4 qeyri-anklav kənd Azərbaycana qaytarılır. Və hamı bilir ki, bu proseslər məhz qəhrəman xalqımızın dünyaya bəxş etdiyi böyük sərkərdə, dünya lideri Prezident İlham Əliyevin ölkəmizə ləyaqətlə rəhbərlik etməsi, xidmət göstərməsi sayəsində baş verir.
Prezident İlham Əliyev cari il mayın 10-da yerli televiziya kanallarına müsahibəsində bu barədə suala cavabında demişdi: "Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır".
Mayın 18-də Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kəndlərinin, Zəngilanın Mincivan qəsəbəsinin təməllərinin qoyulması, "Ağalı" hotelinin, "Zəngilan" və "Şayıflı" su-elektrik stansiyalarının, Zəngilan məscidinin istifadəyə verilməsi bir daha azad edilmiş ərazilərin bərpasının yüksək sürətlə davam etdirildiyini göstərdi.
Qarşıdakı dövrdə Azərbaycanı milli prioritetlərin yerinə yetirilməsi ilə bağlı mühüm vəzifələr və həm də yeni nailiyyətlər gözləyir.
Bu ilin noyabrında isə Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. COP29 sıradan bir beynəlxalq tədbir deyil və ona ev sahibliyi etmək dövlətin qlobal nüfuzu və mövqeyi ilə əlaqəli olan bir məsələdir. Bu baxımdan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbulu Prezident İlham Əliyevin növbəti təntənəli uğurudur.
COP29 Azərbaycanın dünyaya yeni təqdimatı baxımından mühüm siyasi hadisə olacaq. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin uğurlarını, inkişafını, Vətən müharibəsindəki zəfərimizi bir daha dünyaya bəyan edəcək.
Sonra söz sakinlərə verib.
Kənd sakinləri əraziyə internet və təbii qaz xəttinin çəkilməsini, Qaraqullar-Çanaqçı avtomobil yolunun cari təmir olunmasını, əkin və biçin işləri zamanı fermerlərin kənd təsərrüfatı texnikasına əlçatanlığı yaxşılaşdırmaq üçün rayonda “Aqrolizinq” ASC-nin filialının yaradılmasını, yararsız elektrik dayaqlarının, eləcə də naqillərin dəyişdirilməsi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Rayon Polis şöbəsinin rəisi polis polkovniki Seymur Əfəndiyev sakinlərə onlayn bank əməliyyatları ilə bağlı maarifləndirmə işləri aparıb. O, çıxışında vətəndaşlara öz bank kart məlumatlarını digər şəxslərə ötürülməməsi tövsiyə etmişdir. Kartdan karta sisteminin yayıldığı vaxtda, ümumiyyətlə, bank kartlarının tətbiqinin çoxaldığı dövrdə kibercinayətkarlığın çoxaldığını vurğulamış, təəssüf hissi ilə rayonumuzdan olan vətəndaşlarımızın da kiberdələduzların qurbanına çevrildiyini qeyd etmişdir. S.Əfəndiyev bir daha hər kəsi kibercinayətkarlardan qorunmağa çağırıb. Belə halla qarşılaşdıqda dərhal rayon Polis şöbəsinə məlumat vermələrini xahiş edib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.