Birinci Qarabağ müharibəsində şəhid olan Ədalət Abbasov dəfn olunub
Birinci Qarabağ Müharibəsində itkin düşmüş və şəxsiyyəti sonradan müəyyənləşdirilən şəhidlərdən olan Daşkəsən rayonunun Xoşbulaq kənd sakini, 25.05.1970-ci ildə anadan olmuş Abbasov Ədalət Vilayət oğlunun Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn mərasimi keçirilib.
Şəhidin dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri iştirak ediblər.
Şəhidin ailəsinin yaşadığı Daşkəsən rayonunun Xoşbulaq kəndində cənazə namazı qılınıb, dualar oxunub. Sonra şəhidin nəşi Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov Daşkəsən rayon ictimaiyyəti adından şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib və Ədalət Abbasovun şərəfli həyatından və döyüş yolundan danışıb.
Vüqar Məmmədov çıxışında vurğulayıb ki, itkin düşmüş şəhidimiz Tərtər Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhid qəbirlərindən aşkar edilib. 30 ildən çoxdur ki, şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon sakinlərinin də gözləri yolda idi. Torpaq uğrunda canından keçən soydaşlarımızın xatirələrini daim əziz tutan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin şəhidlərimizə göstərdiyi daimi diqqət və qayğının bariz təzahürüdür ki, 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, itkin düşmüş hesab olunanların nəşlərinin tanınması və ailələrinə təhvil verilməsi istiqamətində işlər aparılır.
Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını Vüqar Məmmədov şəhidin qardaşı Naqif Abbasova təqdim edib.
Qeyd edək ki, şəhid Abbasov Ədalət Vilayət oğlu 25 may 1970-ci ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. 1992-ci ildə o, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 15 noyabr 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndində gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən şəhid olub.