Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daşkəsənli şəhid Akif Abbasov dəfn olunub

18 iyul 2024 | 15:15

İyulun 18-də Birinci Qarabağ Müharibəsində itkin düşən və 31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Əhmədli kənd sakini şəhid Abbasov Akif İlyas oğlunun Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn mərasimi keçirilib.

Şəhidin dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri və KİV mənsubları iştirak ediblər.

Şəhidin cənazə namazı ailəsinin yaşadığı evdə qılınıb, dualar oxunub.

Sonra şəhidin nəşi Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Daşkəsən rayon ictimaiyyəti adından şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib və Akif Abbasovun şərəfli həyatından və döyüş yolundan danışıb. Rayon rəhbəri Orxan Abbasov çıxışında vurğulayıb ki, itkin düşmüş hesab olunan Akif Abbasovun nəşinin qalıqları Bərdə Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhid qəbirlərindən aşkar edilib. 30 ildən çoxdur ki, şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon sakinlərinin də gözləri yolda idi. Torpaq uğrunda canından keçən soydaşlarımızın xatirələrini daim əziz tutan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin şəhidlərimizə göstərdiyi daimi diqqət və qayğının bariz təzahürüdür ki, 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, itkin düşmüş hesab olunanların nəşlərinin tanınması və ailələrinə təhvil verilməsi istiqamətində işlər davam etdirilir.

Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını Orxan Abbasov şəhidin qardaşı Nizaməddin Abbasova təqdim edib.

Qeyd edək ki, şəhid Abbasov Akif İlyas oğlu 1 iyul 1970-ci ildə Daşkəsən rayonunun Əhmədli kəndində anadan olub. O, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 28 dekabr 1993-cü ildə Ağdərə rayonunun Salahlı kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən müqəddəs şəhidlik zirvəsinə ucalıb.

Keçidlər