“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Daşkəsən rayonunda növbəti səyyar tibbi müayinə aksiyası keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Quşçu kəndində yüksək səviyyədə təşkil olunan aksiya yerinə gələrək tibbi müayinənin gedişatı ilə maraqlanıb, həkimlərlə görüşüb, bu xeyirxah və nəcib işə görə təşkilatçılara təşəkkürünü bildirib.
“Öncə sağlamlıq!” devizi altında təşkil olunan aksiyada “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən Çovdar kəndi, Şadax yaşayış məntəqəsi, Çaykənd, Quşçu, Bayan və digər kəndlərin sakinləri 3 gün müddətində ödənişsiz müxtəlif tibbi xidmətlərdən yararlanıb.
Aksiyanın ilk günündə şəhid ailələrinin üzvləri, qazi və müharibə iştirakçıları müayinəyə cəlb ediliblər.
Peşəkar həkim briqadası tərəfindən 300 nəfərdən çox sakin ümumi cərrah, otorinolarinqoloq, terapevt, endokrinoloq, kardioloq, nevropatoloq, pediatr, USM, EXO, EKQ, qanın və sidiyin ümumi analizi, qanda virus hepatitlərin təyini, ambulator qan təzyiqi monitorizasiyası və şəkərin təyini müayinələrindən keçirilib. Qeyd olunan istiqamətlər üzrə sakinlərə ümumilikdə 1226 xidmət göstərilib.
Qeyd edək ki, 2021-ci ildən etibarən mütəmadi olaraq keçirilən aksiyalar zamanı 2000 nəfərdən çox Daşkəsən sakini ödənişsiz müxtəlif tibbi xidmətlərdən yararlanıb. Müayinələr əsnasında müxtəlif xəstəlikləri aşkarlanan vətəndaşlara müvafiq müalicə kursları təyin edilib.