Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

"Azərbaycan" qəzetində "İnkişaf yeni keyfiyyət mərhələsinə qədəm qoyur" başlıqlı məqalə dərc edilib

28 fevral 2024 | 10:21

Daşkəsən bütün sahələr üzrə müsbət göstəricilər əldə edib 

 

Təbiəti ilin bütün fəsillərində əsrarəngiz olan Daşkəsənin qış mənzərəsinin bir başqa özəlliyi var.  Hinaldağdan, Qoşqar dağından boylanan qarlı zirvələrin əhatəsində, gur çayların səsində və təmiz dağ havasında insanın ruhu dincəlir. Bu gözəllikləri tamamlayan başqa bir füsunkar mənzərə isə Daşkəsəndəki inkişaf və quruculuq işləridir. 
Uca dağlar qoynunda yerləşən, düşmən qarşısında alınmaz qala olan Daşkəsən bizi həm təbiətinin, həm də insanlarının yaratdığı gözəl nümunələrlə qarşıladı…

 

Daşkəsənlilərin seçimi dəyişməzdir: yalnız İlham Əliyev

 

Daşkəsənə gəlişimiz prezident seçkilərinin başa çatmasından bir qədər sonraya təsadüf etdiyindən rayonda hələ də seçki ab-havası hiss olunurdu. Məlum olduğu kimi, bu seçki mütəşəkkilliyi ilə fərqləndi, bütün şəhər və rayonlarda vətəndaşların səsvermədə iştirakı ilə bağlı göstəricilər yüksək oldu. Hətta ucqar dağ rayonlarında belə yüksək seçici fəallığı qeydə alındı. Ölkə vətəndaşları Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən siyasi kursun ətrafında bir daha səfərbər olaraq, indiyədək əldə olunmuş nailiyyətlərin yeni inkişaf mərhələsində də davam etdirilməsinə səs verdilər. Eyni zamanda seçkinin nəticəsi torpaqlarımızın işğaldan azad olunmasını təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə Azərbaycan xalqının minnətdarlığının ifadəsinə çevrildi.

Prezident seçkilərinin 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsi üzrə qeydə alınan nəticələri daşkəsənlilərin də seçiminin dəyişməz olduğunu göstərib. Belə ki, bu seçki Daşkəsən ictimaiyyətinin Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyev siyasi kursuna sədaqətinin növbəti təcəssümünə çevrilib. Öyrənirik  ki, 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsinin Daşkəsən rayonu üzrə 44 seçki məntəqəsində seçicilərin 92,83 faizi İlham Əliyevə səs verib. Relyefinin çətinliyinə baxmayaraq, daşkəsənli seçicilər prezident seçkilərində indiyədək görünməmiş mütəşəkkillik nümayiş etdiriblər.

 

Prezident qayğısının nəticəsi

 

Ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yolu möhtəşəm və qürurvericidir. Bu dövrün möhtəşəm inkişaf nümunələrini həm də şəhər və rayonlarımızın, o cümlədən dağlar qoynundakı Daşkəsənin timsalında görmək mümkündür. Bu barədə danışan Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, rayon icra hakimiyyətinin  başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov bildirir ki, Daşkəsən rayonu hər zaman Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısını hiss edib: "Bu diqqət və qayğının nəticəsi kimi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında həmişə Daşkəsənin sosial-iqtisadi məsələləri diqqət mərkəzində saxlanılıb. Ən əsası odur ki, bu istiqamətdə qarşıya qoyulmuş vəzifələr rayonda uğurla həyata keçirilib. Xüsusilə qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyev tərəfindən dəfələrlə Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamlar imzalanıb".

Dövlət başçısının göstəriş və tapşırıqlarının və dövlət proqramlarının icrası əsasında Daşkəsəndə geniş tikinti, quruculuq, abadlıq, təmir-bərpa işləri aparılıb, ucqar dağ kəndlərinə yollar çəkilib, körpülər inşa edilib, su, elektrik, qaz təchizatı yaxşılaşdırılıb, yeni iş yerləri açılıb, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihə uğurla həyata keçirilib. Ərazidə mövcud olan təbii sərvətlərdən, habelə turizm potensialından daha geniş istifadə olunması üçün ciddi addımlar atılıb. Bu işlər davamlıdır və bu gün də Daşkəsəndə yeni inkişaf nümunələrinin yaradılmasını görmək mümkündür.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-2023-cü illərdə imzalanmış fərman və sərəncamlarla yerli icra hakimiyyəti orqanlarına verilmiş tapşırıqların Daşkəsən rayonunda icra statusu 2023-cü il üzrə Prezident Administrasiyasının Dövlət Nəzarəti Şöbəsi tərəfindən "DNİS" sistemində yüksək qiymətləndirilib.  Hazırda bu göstəricilərə görə Daşkəsən rayonu ilk sıralardadır. 

 

Artım faizlə yox, dəfələrlədir

 

Təkcə ötən ilin sosial-iqtisadi göstəricilərinə nəzər salmaqla Daşkəsəndə əldə olunan müsbət sosial-iqtisadi göstəriciləri görmək mümkündür. Ondan başlayaq ki, 2023-cü il ərzində rayonda məhsul istehsalının və xidmətlərin həcmi əvvəlki ilə nisbətən 79,5 faiz artıb.
Bu barədə məlumat verən Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, rayon icra hakimiyyətinin  başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov inkişafı əks etdirən digər rəqəmləri də diqqətə çatdırır. Məsələn, 2023-cü ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə nə az, nə çox, düz  6,3 dəfə çox investisiya yönəldilib. 

 İlkin göstəricilərə əsasən, rayonun sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 2023-cü ildə 242,6 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2022-ci ildəki göstəricilərdən artıqdır. 

Ən böyük artım isə  tikinti sektorundadır: 10,4 dəfə. Bundan başqa, emal sektorunda 8,9 faiz artım qeydə alınıb. 

Daşkəsən respublikamızda dağ-mədən sənayesinin əsas ünvanlarından biri olmaqla yanaşı, həm də kənd təsərrüfatı rayonudur. Rayonda kartofçuluq, heyvandarlıq daha çox inkişaf edib. O cümlədən arıçılığın və tərəvəzçiliyin inkişaf etdirilməsi üçün geniş imkanlar var. Elə buna görə də 2023-cü ildə Daşkəsəndə 4 min 300 tondan artıq kartof, 727 tondan çox meyvə və giləmeyvə, 411 ton tərəvəz, 1480 ton dənli və paxlalı məhsullar istehsal olunub. Ümumilikdə isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələri üzrə rayonda ötən il üzrə artım 3,8 faiz təşkil edib.

Rayonda kənd təsərrüfatının digər istiqamətlərində də məhsul istehsalında artıma nail olunub. Xüsusilə ət, süd, yumurta və yun istehsalında əvvəlki illərə nisbətən yüksək göstəricilər qeydə alınıb. Elə bunun nəticəsidir ki, Daşkəsəndə ümumi məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil edir və bunun da çox hissəsi kənd təsərrüfatının payına düşür. 

Daşkəsənin 2023-cü il üzrə sosial-iqtisadi sferadakı başqa bir uğuru isə rayonda 479 yeni iş yerinin açılmasıdır. Əlbəttə ki, bütün bunlar rayon ictimaiyyəti üçün qarşıdakı yeni mərhələdə daha böyük uğurlara nail olmaq üçün mühüm stimul verir. 

 

Vətəndaşlara xidmətin keyfiyyəti artır

 

Daşkəsən dağlıq relyefə malik olduğu üçün spesifik coğrafi xüsusiyyətləri var. Bu sırada vətəndaş məmnunluğuna xidmət edən əsas məsələlərdən biri rahat gediş-gəlişi təmin edən yol infrastrukturunun olmasıdır. 

Vüqar Məmmədovun sözlərinə görə, ötən il dövlət dəstəyi ilə 7 min nəfər əhalinin yaşadığı və 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmiri başa çatdırılıb. Yenidən qurulan bu yolun uzunluğu 31 km təşkil edir. Yolun tikintisi ilə vətəndaşların gediş-gəlişi rahatlaşıb, yük və sərnişin daşınması asanlaşıb. Xüsusən yeni yol kənd təsərrüfatı istehsalçılarına öz məhsullarını bazarlara tez və rahat çıxara bilmələrinə imkan yaradıb.

Bundan başqa, uzunluğu 21 km olan və 6 kəndi birləşdirən Daşkəsən-Dəstəfur-Qıyıqlı avtomobil yolunun yenidən qurulması üçün müvafiq sənədlər işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Cari ildə həmin yolun da dövlət proqramı çərçivəsində  yenidən qurulması nəzərdə tutulur.

Daşkəsəndə müxtəlif sahələri əhatə edən layihələrin icra olunmasından bəhs edərkən mükəmməl infrastruktur təminatının yaradılması istiqamətində görülən işləri xüsusi olaraq diqqətə çatdırmaq lazımdır. Bu istiqamətdə görülən işlər sırasında əhalinin içməli suya olan tələbatının ödənilməsi mühüm yer tutur. Hələ 2015-ci ildə Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən "Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması" işlərinə start verilib və bu işlər 2021-ci ildə başa çatdırılıb. Prezident İlham Əliyev 2021-ci il iyulun 22-də Daşkəsənə səfəri çərçivəsində layihə üzrə görülən işlərlə tanış olub.
2023-cü ildə isə Yaponiya Hökumətinin proqramı çərçivəsində "Daşkəsən rayonunun Xoşbulaq kəndində Portativ Su Təchizatı sisteminin tikintisi" layihəsi həyata keçirilib. Hazırda rayonun Yuxarı Daşkəsən qəsəbəsində, Mədənçilər yaşayış sahəsinə yeni içməli su xətlərinin çəkilməsi üzrə "AzerGold" QSC-nin maliyyə dəstəyi ilə "Azərsu" ASC tərəfindən müvafiq layihənin həyata keçirilməsi davam etdirilir. Eyni zamanda "Azərsu" ASC tərəfindən Yuxarı Daşkəsən qəsəbəsində yeni su anbarının tikintisi nəzərdə tutulur.

Daşkəsəndə əhalinin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində mühüm işlər görülür. 2021-ci il dekabrın 24-də rayonun Əhmədli və Zağalı kəndləri ərazisində yeni  yarımstansiyaların tıkintisi başa çatdırılaraq istismara verilib.  Hazırda isə istismarda olan Daşkəsən yarımstansiyasının yerində yeni yarımstansiyanın tikintisi aparılır və bu il istifadəyə verilməsi gözlənilir. 

Daşkəsəndə əhalinin təbii qaza olan tələbatının tam ödənilməsi, istehlakçıların qazla təchizatının yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilir. Son dövrlərdə 15 yaşayış məntəqəsində qazlaşdırılma işləri yekunlaşdırılıb. Bununla da rayon üzrə yaşayış məntəqələri 30,6 faiz, ev təsərrüfatları  isə  74 faiz qazlaşdırılıb.

Bütün sahələr üzrə müsbət göstəricilər əldə edən Daşkəsən inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Havaların sərt, şaxtalı və ayazlı olmasına baxmayaraq, Daşkəsəndə müşahidə etdiyimiz işgüzarlıq inkişafın təcəssümü idi.. Rayonda gördüklərimizdən həm də bu qənaətə gəldik ki, daşkəsənlilər ötənilki nailiyyətlərini cari ildə daha da artırmaq əzmindədirlər. Bütün bunlar isə yeni inkişaf mərhələsində qarşıda duran sosial-iqtisadi vəzifələrin Daşkəsəndə vaxtında və keyfiyyətlə həyata keçiriləcəyinə zəmanət verir.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

 

https://www.azerbaijan-news.az/az/posts/detail/inkisaf-yeni-keyfiyyet-merhelesine-qedem-qoyur-1709074072

 

Keçidlər