Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycan prokurorluğunun inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

10 may 2024 | 16:02

Ümummilli Lider Heydər Əliyev həm keçmiş sovet, həm də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri cərgəsində layiqli yerini tutması üçün böyük əmək sərf etmiş, xalqımızın və eyni zamanda özünün adını əbədi olaraq tarixə yazmışdır. Ulu Öndərin Azərbaycana rəhbərliyinin 30 ilinin az qala üçdə ikisi sovet dövrünə təsadüf etmişdir. Heydər Əliyev məhz bu illərdə, sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün misilsiz xidmətlər göstərmişdir.

Bu parlaq şəxsiyyətin həmin illərdəki fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və hörmət ilə yanaşdığını görür və heyrətlənməyə bilmirsən. Heydər Əliyevin dövlətçilik səriştəsi, dərin zəkası, fenomenal yaddaşı, insanları idarə etmək bacarığı həmin vaxt SSRİ-nin tərkibində olan bütün xalqlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Ümummilli Liderimizin keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitənin Siyasi Bürosunun üzvləri arasında xüsusi yeri hətta adi vətəndaşlar tərəfindən qürurla qeyd edilir, SSRİ-nin gələcək rəhbəri vəzifəsinə namizədlər sırasında birinci Heydər Əliyevin adı çəkilirdi. SSRİ dağıldıqdan sonra xalq arasında belə bir fikir dolaşırdı ki, əgər müəyyən məqamlarda SSRİ-nin hakimiyyət sükanı arxasında dahi Heydər Əliyev kimi güclü xarakterə malik insan olsaydı, bu qədər faciələr baş verməyəcəkdi. Bu, sovet imperiyası süquta uğrayandan sonra bütün postsovet məkanında daha çox səslənən ən populyar fikirlərdən biri idi. Çünki bu şəxsiyyətin nüfuzu, gücü və xalqın ona məhəbbəti hamıya məlum idi. Amma belə olmadı və Sovet İttifaqı dağıldı. Sovet respublikalarından ən çox zərər çəkəni isə məhz Azərbaycan oldu.

Heydər Əliyevin böyük nüfuzu Mərkəzi Komitənin sonuncu Baş Katibi  Mixail Qorbaçova və onun erməni əlaltılarına öz çirkin planlarını həyata keçirməyə mane olurdu. Heydər Əliyev M.Qorbaçovun haqsız təzyiqlərinə baxmayaraq, onun yeritdiyi siyasi xətti, xüsusilə Qafqazda apardığı  siyasəti kəskin şəkildə tənqid edir, yetişməkdə olan Qarabağ problemi haqqında xəbərdarlıq edirdi.

Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra hadisələr sürətlə cərəyan etməyə başladı. Minlərlə azərbaycanlı əzəli torpaqlarından, yurd-yuvalarından qovuldu.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları Bakını işğal edib yüzlərlə insanı gülləboran etdi.

Bu ağır faciənin acısına dözməyən Heydər Əliyev heç bir təzyiq, təqib və təhdidə məhəl qoymadan, Moskvanın mərkəzində hiddət və qəzəbini bütün dünyaya bəyan etdi.

Haqqın və ədalətin bərpası üçün isə tarixə elə də böyük vaxt lazım gəlmədi. Azərbaycan xalqı öz sevimli oğlunu, böyük dahi və parlaq şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və sarsılmaz  inamı dayanırdı.

Ulu Öndərin qayıdışı yenicə müstəqillik qazanmış Azərbaycanın az qala siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf etdi. Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı. Xalqın son ümid yeri Heydər Əliyev idi.

Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının kəsişən nöqtələrini çox gözəl bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad məntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, ermənilər tərəfindən torpaqların işğalının qarşısı alındı, atəşkəs əldə edildi, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi. Ona sabit ölkə imici qazandırdı.

Bütün bunlarla yanaşı, Heydər Əliyev çox böyük məharətlə ölkəmizin neft strategiyasını işləyib hazırladı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi. Heydər Əliyevin qətiyyətinin təntənəsi olan “Əsrin müqaviləsi” müstəqil ölkəmizi dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirdi.

Ulu öndərin neft strategiyasının yeni bir mərhələsi Bakı-Tbilisi-Ceyhan  neft kəməri layihəsi oldu. Bəzi dövlətlərin qısqanclıqla yanaşdıqları və hətta reallaşacağına şübhə etdikləri Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi 2006-cı ildə işə salınanda BP şirkətinin prezidenti Con Braun onun əhəmiyyətindən danışaraq deyirdi: “Bakı-Tbilisi-Ceyhan neft borusunun fəaliyyətə başlaması dünyanın enerji xəritəsini dəyişdi”. Amma dünyanın enerji xəritəsini dəyişən Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi yox, onun yaradıcısı Azərbaycanın dahi oğlu Heydər Əliyev oldu.

Ümummilli Lider müstəqil Azərbaycan iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının da gələcəkdə arzuolunan nəticələr verməyəcəyini bilirdi. Məhz ona görə də neft gəlirləri hesabına iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyin, infrastruktur layihələrinin reallaşdırılmasına çalışmağın vacib olduğunu qeyd edir və buna səy göstərirdi.

Postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda Heydər Əliyevin göstərişi ilə torpaq islahatına başlandı. Kolxoz və sovxozların şəxsi və fermer təsərrüfatlarına çevrilməsi kənd təsərrüfatının inkişafında yeni üfüqlər açdı.

Ulu Öndərin təşəbbüskarlığı, qətiyyətli və prinsipial qərarları Azərbaycan iqtisadiyyatını tədricən dirçəltdi, ona yeni nəfəs verdi. Qısa müddətdə bazar iqtisadiyyatına keçidin qanunvericilik bazası formalaşmağa, iqtisadi həyatımızda sahibkarlıq fəaliyyəti yaranmağa başladı.

Böyük dövlət xadimi Heydər Əliyev yüksək diplomatik səviyyə nümayiş etdirərək, öz şəxsi nüfuzu sayəsində Azərbaycanı beynəlxalq siyasətin diqqət mərkəzinə çəkir, tanıdır və başqalarını ona inanmağa, hörmət etməyə, sözünü eşitməyə məcbur edirdi.

1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu.

Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Bu fəlsəfə onun memarı olduğu müstəqil Azərbaycanda öz real əksini tapdı.

Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasının davamını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı. Ulu öndərin müraciətində deyilirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Tarix dahi şəxsiyyətin uzaqgörənliyini yenə təsdiqlədi.   Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursu, başlatdığı nəhəng işlərin icrası onun ən layiqli davamçısı və siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İndi Azərbaycan dünyada dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qalib və məğrur Azərbaycan xalqı Ümummilli Liderimizin həmişəyaşar ideyaları əsasında 44 günlük Vətən müharibəsində ermənilər üzərində tam qələbə çaldı, Azərbaycanın tarixi torpaqlarını işğaldan həmişəlik azad etdi. İkinci Qarabağ müharibəsində hərbi-siyasi yolla qazanılmış parlaq Zəfər güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Möhtərəm Prezidentimiz, müzəffər sərkərdə cənab İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirərək Azərbaycan xalqını Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası ətrafında yenidən bir yumruq kimi birləşdirdi.

Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində uğurlu addımlar atılır.

Azərbaycan prokurorluğunun inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan prokurorluğunun sovet dövrü, təbii ki, ittifaq dövlətinin bu orqan üçün müəyyənləşdirdiyi fəaliyyət prinsipləri ilə səciyyələnir. Sovet hakimiyyətinin 1970-80-ci illəri əhatə edən dövrü Azərbaycan prokurorluğu tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir. Həmin dövrdə respublikaya rəhbərlik edən Ulu Öndər Heydər Əliyev cəmiyyətdə haqq və ədalətin qalib gəlməsi uğrunda apardığı əzmkar mübarizəyə prokurorluq orqanlarını fəal şəkildə cəlb etməklə yanaşı, bu orqanların kadr potensialının bilikli və istedadlı gənc hüquqşünaslarla möhkəmləndirilməsinə xüsusi diqqət və qayğı göstərmiş, gənclərin ali hüquqşünas təhsili alması üçün əlverişli şərait yaratmışdı.

Azərbaycan prokurorluğunun dövlət müstəqilliyimizin bərpasından sonrakı fəaliyyətinin ən mühüm xüsusiyyəti onun müstəqil dövlət təsisatı kimi formalaşması, öz funksiyalarını tamamilə yeni - siyasi plüralizm və bazar iqtisadiyyatı, insan və vətəndaş azadlığı prinsipləri əsasında qurulan hüquqi dövlətin, demokratik cəmiyyətin tələbləri ilə uzlaşdırması olmuşdur. Bütün hallarda bu orqanlardakı sağlam əqidəli, milli dövlətçiliyə sadiq vətənpərvər qüvvələr xalqımızın maraq və mənafelərini qorumuş, ictimai asayişin qorunmasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cinayətkarlığa qarşı mübarizə işinə öz layiqli töhfələrini verə bilmişlər. Azərbaycan prokurorluğunun hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə, siyasi bitərəflik prinsipləri ilə fəaliyyət göstərməklə beynəlxalq standartlara və milli maraqlara uyğun dövlət təsisatı kimi formalaşması Ulu Öndər Heydər Əliyev və onun müdrik siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olmuşdur.

Müstəqil dövlətimizin Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə qəbul olunmuş Əsas Qanununda – Konstitusiyasında prokurorluğun fəaliyyətinə dair 133-cü maddədə onun məhkəmə hakimiyyəti sistemində yeri müəyyən olunmuş, statusu, təşkili əsasları və fəaliyyət prinsipləri, səlahiyyətləri və vəzifələri təsbit edilmişdir. "Prokurorluq haqqında" Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli Qanunu qəbul olunmaqla prokurorluq sovetlər dönəminin məqsəd, vəzifə və funksiyalarından azad edilmiş, onun fəaliyyətinin demokratik prinsip, forma və metodları müəyyən olunmuş, sistemi və təşkili, kadr təminatı və işçilərin sosial müdafiəsi müasir beynəlxalq standartlara uyğun tənzimlənmişdir.

Sonrakı illərdə prokurorluğa etimad və inamın yüksəlməsinin nəticəsi olaraq prokurorluq orqanları qarşısında daha önəmli və mühüm vəzifələr qoyulmuş, Azərbaycan Prezidentinin siyasi iradəsinə uyğun olaraq dövlətin fəaliyyətinin ən prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş korrupsiyaya qarşı mübarizə ilə bağlı cinayətlər üzrə ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi işi bu dövlət təsisatına həvalə edilmiş, prokurorluğun fəaliyyətini tənzimləyən qanunvericiliyin daha da təkmilləşdirilməsi prosesi mütəmadi qaydada həyata keçirilmişdir.

Hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülməklə, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir.

Prokurorluq orqanlarına və prokurorluq işçilərinə böyük inam və etimadın, yüksək qayğının növbəti ifadəsi olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Bu Dövlət Proqramının həyata keçirilməsi prokurorluğun hüquq sisteminin inkişafı prosesində rolunun artırılmasına, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmasına, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılmasına, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsinə, beynəlxalq əlaqələrin genişləndirilməsinə, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılmasını təmin etmişdir.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir”. Prokurorluq orqanlarının ölkənin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq qarşıda duran vəzifələrin icrasını təmin etmək məqsədilə fəaliyyətinin müasir dövrün ictimai münasibətlərinə uyğun təkmilləşdirilməsi məqsədinə xidmət edən “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” bu sahədə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl və mərhələli tədbirləri müəyyən etmişdir.

Ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanından və bu istiqamətdə tapşırıqlarından irəli gələn vəzifələrin icrası məqsədi daşıyan Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılmış işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətində Azırbaycan Prokurorluğunun yaxından iştirakı təmin edilmişdir. Qarabağ və Şərqi Zəngəzurun yenidən həyata qaytarılmasına dair dövlət siyasətinin həyata keçirilməsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluqlar tərəfindən qanunamüvafiq tədbirlər görülməklə hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə etməklə aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə səlahiyyətləri daxilində dəstək göstərilməsi istiqamətində zəruri işlərin görülməsi təmin olunmuşdur.

Azərbaycan Prokurorluğu möhtərəm Prezi­dentimiz cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdikləri siyasəti daim dəstəkləyir, sabaha inamla addımlayır. Hər gününü tarixə bir uğur səhifəsi kimi yazan Azərbaycanın qarşısında daha geniş imkanlar mövcuddur. Çünki Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır.

Azərbaycan Prokurorluğu bundan sonra da dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətini tam dəstəkləyərək, öz fəaliyyətini müstəqil dövlətçilik prinsipləri və milli maraqlar əsasında, müasir dövrün standartlarına uyğun yeni keyfiyyət səviyyəsində qurmaq istiqamətində səylərini daha da artıracaq, prokurorluq işçiləri üzərlərinə düşən bütün vəzifələri yüksək məsuliyyət hissi ilə dərk etməklə, onların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olaraq cinayətkarlığın bütün təzahürlərinə, digər qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi, təmin edilməsi naminə tam gücləri ilə işləyərək respublikamızın inkişafına xidmət edəcəklər.

 

Şahin İmanov

Daşkəsən rayon prokuroru,

ədliyyə müşaviri

                                                                                                         

 

 

 

Keçidlər