Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Gözün aydın, Vətən! Füzuli də azad edildi

18 oktyabr 2020 | 16:00

Gözün aydın, Vətən!
Füzuli də azad edildi

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev oktyabrın 17-də səhər saatlarında xalqa müraciətində Füzuli şəhərinin işğaldan azad edildiyini böyük qürur hissi ilə bəyan etdi. Çoxdan arzusunda olduğumuz bu şad xəbər müzəffər ordumuzun qələbələrlə müşayiət edilən zəfər yürüşünün yeni və parlaq səhifəsi kimi bütün ölkəmizdə böyük əks-səda doğurdu. Ürəklərə sonsuz sevinc, fərəh bəxş etdi.
Gecə saat 1 radələrində düşmənin Gəncədə törətdiyi hərbi cinayət nəticəsində həlak olan, yaralanan soydaşlarımızın ağrı-acılarına üzüldüyümüz bir məqamda Ali Baş Komandanın Füzuli şəhərinin və bir neçə kəndin işğaldan azad edildiyi barədə açıqlaması xalqa ən böyük təsəlli oldu.
Sevinc dolu bu xəbər ildırım sürətiylə hər tərəfə yayıldı. Telefon zəngləri ara vermədi. Dost-tanış bir-birini təbrik edir, gözaydınlığı verirdi: Gözün aydın Vətən, qeyrətli oğulların - qəhrəman Azərbaycan əsgərləri 30 ildən bəri qaysaq bağlamayan yaralarına döyüş meydanında çaldığı zəfərlərlə məlhəm oldu. Gözün aydın, Vətən! Xoş gördük, QARABAĞ! Düşmənlərini məhv edib, həsrətin sinəsinə dağ çəkib, nisgilə son qoyub səcdənə gəlirik, aranım, dağım, doğma Qarabağım!
Gözlərdən sevinc yağdığı, ürəklərin fərəhlə döyündüyü bu xoş məqamda heç şübhəsiz Füzulidə doğulub, 30 ildən bəri doğma yurduna həsrət qalan soydaşlarımız daha fərqli hisslər keçirir. Təbbi olaraq özlərini dünyanın xöşbəxti sayırlar. Müdriklər deyir ki, sevinci böləndə, paylaşanda daha da artır. Füzulidən olan soydaşlarımız da sevinclərini xalqımızla bölüşürlər.
Aynurə Abdullayeva, Cabbar Abdullayev adına Fizika, riyaziyyat və informatika elmləri mərkəzinin direktoru, Dünya Azərbaycanlıları Konqresi sədrinin birinci müavini: "Füzuli şəhərini tərk edəndə 5-ci sinifdə oxuyurdum. 11 yaşım var idi. Evimiz Qaqarin küçəsində - kəhrizin yanında idi. Qayğısız uşaqlıq illərini yaşadığım doğma şəhərimlə bağlı kövrək xatirələr həmişə mənimlə olub. Bu xatirələrimlə xəlvətə çəkilib için-için ağlamışam. Amma ürəyimdə həmişə inam olub. İnanmışam ki, xatirələrimin çilik-çilik olub səpildiyi doğma küçəmizə, əziz şəhərimizə yenidən qayıdacağam. Ali Baş Komandanımız İlham Əliyevin dilindən Füzulinin düşmən işğalından azad edildiyi xəbərini eşidəndə bir anlıq çılğına döndüm, uşaq kimi qışqırıb sevincimi paylaşdım. Bu anı, bu qələbə sorağını uzun illər boyu gözləmişik. Çox zaman üzümüz gülsə də, göz yaşlarımız ürəyimizə axıb. Bu sevinci bizlərə yaşadan, bu xoşbəxtliyi bizlərə bəxş edən qəhrəman Azərbaycan əsgərinə eşq olsun! Müdrik Prezidentimiz, cəsarətli sərkərdəmiz Ali Baş Komandan İlham Əliyev uğurla reallaşdırdığı xilaskarlıq missiyası ilə adını Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə yazmağı bacardı! Hələ döyüş bitməyib. Qarşıda yeni zəfərlər bizi gözləyir. Üçrəngli müqqədəs bayrağımızın tezliklə işğaldan azad ediləcək bütün ərazilərimizdə dalğalanacağına çox qalmayıb”.
Akif Musayev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor: "Qüdrətli ordumuzun, Ali Baş Komandanımız İlham Əliyevin iradəsi ilə 30 ildən bəri mənfur erməni faşistlərinin işğalı altında qalan Qarabağımızın yaşayış məntəqələri bir-birinin ardınca azad edilir. Elimizi, obamızı sevincə qərq edən növbəti şad xəbər Füzulidən gəldi. Doğulub boya-başa çatdığım, əcdadlarımın uyuduğu müqqədəs torpaqlarımız düşməndən təmizlənmişdir. Çoxdan gözlədiyimiz bu şad xəbər bizə yaşamaq həvəsi verir, bizi xalqımız, dövlətimiz naminə yeni mülkiyyətlər qazanmağa ruhlandırır. Füzuli böyük iqtisadi potensiala malik bir bölgədir. Bizim Qorqan kəndinin torpaqları münbit, əhalisi qoçaq və zəhmətkeşdir. Kəndimiz 122 evdən ibarət idi. Əhalinin sayı isə 800 nəfərə çatırdı. Adamlar əkinçilik və heyvandarlıqla məşğul olurdu.
İndi Füzuli camaatı toy-bayram ovqatı yaşayır. Qələbənin dadı həqiqətən çox şirin olur. İstər-istəməz geriyə boylanır, keçilmiş yola nəzər salırsan. İndi malik olduğumuz Azərbaycan dövlətini, Qafqazda ən güclü modern ordunu və ictimai-siyasi fəallığı yetərincə yüksək olan xalqımızı 30 il əvvəlki illə müqayisə etmək olmaz. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunu layiqincə yerinə yetirən Prezident İlham Əliyev bu gün öz qətiyyəti ilə şərəfli tarix yazır. Ordumuzun başladığı zəfər yürüşü uğurla davam edir. Cəbrayıl, Hadrut, Füzuli və çox sayda kəndlər artıq işğaldan azad edilib. Sırada Şuşa, Laçın, Kəlbəcər, Xankəndi, Ağdam, Qubadlı və digər yaşayış məntəqələrimiz var. Prezidentimizin bəyan etdiyi kimi, işğal altındakı ərazilərimizi tamamilə azad etməyincə, bizi kimsə durdura bilməz. Xalqımızı təbrik edir, soydaşlarımıza gözaydınlığı verirəm. Qələbə xəbərinin davamı gəlsin”.

Keçidlər