Daşkəsən rayonunda 2015-ci ilin uğurlu olan birinci rübü növbəti aylar ücün etibarlı zəmin yaratmışdır
Daşkəsən rayonunda 2015-ci ilin uğurlu olanbirinci rübü növbəti aylar ücün etibarlı zəmin yaratmışdır
Bu gün Daşkəsən rayonunda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd etmişdir ki, biz Daşkəsən rayon ictimaiyyətinin nümayəndələri rayonumuzda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələri müzakirə etmək üçün toplaşmışıq. Qeyd etməliyəm ki, müzakirəsinə toplaşdığımız 2015-ci ilin birinci rübü bütövlükdə respublikamız üçün, o cümlədən Daşkəsən rayonu üçün də çox uğurlu olub və bir çox sahələrdə diqqətəlayiq nəticələr əldə edilib. Ayrı-ayrı sahələrdə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra demişdir :
- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprelin 10-da Prezident sarayında, Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Prezident cənab İlham Əliyev iclası giriş nitqi ilə açaraq demişdir ki, birinci rübün yekunları çox müsbətdir. Biz keçən ili də uğurla başa vurmuşduq. Baxmayaraq ki, keçən ilin sonunda bölgədə artıq böhran başlamışdır, Azərbaycan iqtisadiyyatı dinamik inkişafını təmin etmişdir və biz keçən ili də çox gözəl göstəricilərlə başa vurduq.
Azərbaycanda dinamik inkişaf təmin edilir və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır, sənaye istehsalında da birinci rübdə artım olmuşdur.
Kənd təsərrüfatında da artım var. Kənd təsərrüfatı 3 faizdən çox artmışdır. Hesab edirəm ki, bizi gələcəkdə kənd təsərrüfatının əsas artımı gözləyir. Çünki hazırda aparılan islahatlar, işlərin təkmilləşdirilməsi və düşünülmüş siyasət, əminəm ki, yaxın illərdə daha da sürətli artıma təkan verəcəkdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başcısı cənab Əhəd Abıyev nitqinə davam edərək bildirmişdir ki, respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2015-ci ilin birinci rübündə bir çox işlər görülmüş və çox böyük nailiyyətlər əldə olunmuşdur. Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli artmışdır.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilmişdir.
Rayonda 2015-ci ilin məhsulu üçün 719 ha sahədə taxıl səpilmişdir.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə hazırda 5 kənddə (Quşçu, Mollahəsənli, Əmirvar, Bayan, Qabaqtəpə, kəndlərində) süni mayalanma məntəqələri fəaliyyət göstərir. Bu məntəqələrin gələcəkdə fəaliyyəti daha da genişləndiriləcəkdir.
Rayonumuzda heyvandarlığı inkişaf etdirmək ücün geniş imkanlar və ehtiyatlar hərəkətə gətirilmişdir. Daşkəsən rayonunun ərazisində yerləşən yay otlaqlarının idarə olunmasının Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsi bizdə kənd təsərrüfatı sahəsində imkan genişliyinə səbəb olmuşdur. Məhz buna görə möhtərəm Prezidentimizə daşkəsənlilər adından dərin minnətdarlığımı, böyük hörmət və ehtiramımı bildirirəm.
Hamımıza yaxşı məlumdur ki, Daşkəsənin yay otlaqları bu rayonun milli sərvətidir. Lakin rayon bu sərvətdən kifayət qədər bəhrələnə bilmirdi, uzun müddət rayonumuzda böyük problemlər olmaqla qarşıdurma yaranırdı, kriminal hadisələr baş verirdi, bu da yerli əhali arasında böyük narazılığa səbəb olurdu. Çünki rayonun ərazisində yerləşən yay otlaqları Sovetlər dövründə kolxoz və sovxozları inkişaf etdirmək məqsədilə 7 qonşu rayon arasında bölüşdürülmüşdü. Artıq illərdən bəri davam edən bu problem öz müsbət həllini tapmışdır. Bir daha təkrar bildirirəm ki, illərdən bəri yaranan problemin belə ədalətli həlli üçün ölkə rəhbəri cənab İlham Əliyevə sonsuz minnətdarlığımızı, böyük ehtiramımızı çatdırırıq.
Qeyd edim ki, “İDEA” ictimai birliyinin təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində hesabat dövründə rayonumuzda 3000-dən çox ağac əkilmiş, aprel ayının sonunadək daha 3000 ağacın əkilməsi nəzərdə tutulmuşdur.
Möhtərəm Prezidentimizin Daşkəsən rayonuna xüsusi diqqət və qayğısı hər zaman daşkəsənlilərin böyük sevincinə, ruh yüksəkliyinə səbəb olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın 2014-cü ilin oktyabr ayının 17-də Daşkəsən rayonuna unudulmaz tarixi səfəri daşkəsənlilərin qurub-yaratmaq əzmini xeyli dərəcədə artırmışdır.
Daşkəsən rayonu ərazisində 2015-ci il ümumilikdə yaylaq mövsümünün başlanması ilə əlaqədar, o cümlədən, baytar-nəzarət məntəqəsinin təşkil edilməsi barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 34 saylı, 10 aprel 2015-ci il tarixli sərəncam verilmiş, icrası ilə bağlı rayonun aidiyyəti üzrə qurumlarına bu sahədə bütün lazımi tapşırıq və tövsiyyələr çatdırılmışdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı nitqinə davam edərək qeyd etmişdir ki, 2015-ci ilin birinci rübü ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da bu sahədə işlər davam etdirilməkdədir.
Yeni yaradılacaq kənd təsərrüfatı idarəsinin inzibati binasının, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasının, Qabaqtəpə-Astaf avtomobil yolunda 2 ədəd körpünün tikinti işləri davam etdirilir.
Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tezliklə tikintisinə başlanılacaqdır.
Son vaxtlar Rayon İcra Hakimiyyəti tərəfindən aparılan ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə də Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Rayonumuzda əlavə olaraq yeni yaşayış binalarının, evlərinin tikintisinin aparılması sahəsində aidiyyəti üzrə respublika tabeli qurumlar tərəfindən tədbirlər görülməlidir. Bu istiqamətdə işlərin görülməsi üçün Xoşbulaq kəndi ərazisində əlverişli şərait vardır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.
Sərəncama əsasən “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2015-ci ilin fevral ayının 2-dən 01 may 2015-ci il tarixə kimi ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil edilmişdir. Həmin tapşırığa əsasən Daşkəsən rayon mərkəzi xəstəxanasında müntəzəm olaraq əhali qrafik əsasında tibbi müayinədən keçirilir. İndiyədək 24 yaşayış məntəqəsinin əhalisi və rayonun idarə, müəssisə və təşkilatların işçiləri tibbi müayinədən keçirilmişdir. Bu müddət ərzində 17744 nəfər tibbi müayinədən keçmiş, 18 nəfər müxtəlif xəstəliklərdən Bakı şəhərinə göndərilmiş, 207 nəfər Daşkəsən rayon mərkəzi xəstəxanasının stasionar müalicəsinə cəlb olunmuş, 523 nəfərə isə ambulator müalicə yazılmışdır. Hazırda bu işlər davam etdirilir.
Tibbi müayinədən keçən Daşkəsən rayon sakinləri onların sağlamlığını göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirirlər.
3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən – Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu tədbirin həyata keçirilməsi «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na daxil edilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı xüsusi olaraq vurgulamışdır ki, “Yeni Daşkəsən” layihəsi elmi əsaslarla işlənib, hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
Bu gün “Yeni Daşkəsən” layihəsi bütün rayon ictimaiyyəti tərəfindən bəyənilmiş və dəstəklənir. Belə ki, “Yeni Daşkəsən” layihəsi ilə əlaqədar şəxsən ölkə başçımıza, baş nazirə, aidiyyəti nazirliklərə, komitələrə, şirkətlərə müraciətlər olunmuş və icrası ilə daimi nəzarətdə olmaqla əlaqələr saxlanılır. Artıq Azərbaycan Respublikasının Nazirlər Kabinetində müvafiq qaydada baxılaraq yeni layihədə qaldırılan məsələlərin həlli barədə aidiyyəti üzrə nazirliklər, digər qurumlar tərəfindən yazılı surətdə müsbət rəylər alınmışdır. Hazırda həmin istiqamətdə işlər davam etdirilir.
Respublikada həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönlü mahiyyət daşıması cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atılan bütün addımlar öz müsbət nəticələrini verir.
2015-ci ilin birinci rübü ərzində Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün müraciət edən 137 ailədən qanuna müvafiq olaraq 130 aztəminatlı ailəyə (552 nəfər ailə üzvünə) ünvanlı Dövlət sosial yardımı təyin olunmuşdur.
Telekommunikasiya Qovşağı tərəfindən geniş zolaqlı internet xidməti 729 portdan 857 porta çatdırılmışdır.
Rayon Telekommunikasiya Qovşağına yeni müasir avadanlıqların gətirilməsinə, sürətli internet istifadəçilərinin sayının artırılmasına və rayonun kəndlərində əhalinin internetdən istifadə etmələri üçün şəraitin yaradılmasına ehtiyac vardır.
Cari ilin birinci rübündə əhalinin elektrik enerjisi, qaz, istilik və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.
Yerlərdə elektrikverici xətlərin təmir edilməsinə və yeni müasir tipli kabelin çəkilməsinə başlanılmasına ehtiyac vardır.
2015-ci ilin birinci rübü ərzində elektrik enerjisinin əhali qrupu üzrə dəyəri 92,4%, ümumi ödəmə isə 63,46% ödənilmişdir.
Elektrik şəbəkəsinin rəhbərliyi elektrik enerjisinin dəyərinin tam ödənilməsini təmin etməli və qeyri balans itkisinin səbəblərini müəyyənləşdirərək bu sahədə lazımi trədbirlər görülməsini təmin etməlidir.
Qaz İstismar Sahəsi üzrə 2015-ci ilin birinci rübü ərzində əhaliyə verilən təbii qazın dəyərinin ödənilməsi 95,4%, ümumi ödəmə üzrə isə 77,3% təşkil etmişdir. Sahə üzrə başlanmış struktur dəyişikliyi başa çatdırılmışdır.
Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 4 yaşayış məntəqəsi təbii qazla təmin olunur.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin 29 dekabr 2014-cü il tarixli ilə məktubu ilə 2015-ci ildə Daşkəsən rayonunun Xoşbulaq, Qazaxyolçular, Zağalı və Qaraqullar kəndlərinin qazlaşdırılmasının nəzərdə tutulduğu bildirilmişdir.
Həmin işlərin sürətləndirilməsi olduqca vacibdir.
Daşkəsən rayon Sukanal idarəsi üzrə 2015-ci ilin birinci rübü ərzində istifadə olunmuş suyun dəyərinin ödənilməsi əhali qrupu üzrə 93,1%, ümumi ödəmə üzrə isə bu göstərici 83,6% təşkil etmişdir.
Son vaxtlar şəhər əhalisinə içməli suyun verilməsində bir sıra problemlər yaranmışdır.
Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihə”nin rayonda həyata keçirilməsi üçün tövsiyə olunmuş məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir. Həmin layihənin həyata keçirilməsi üçün elan olunmuş tender 2014-cü ilin noyabr ayının 12-də başa çatmışdır.Tikinti işlərinin aparılması üçün hazırlıq işləri görülür.
Bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır.
Rayon ərazisində daşınar və daşınmaz əmlakın sığorta olunması sahəsində həyata keçirilən tədbirlər sürətləndirilməlidir. Bu sahədə maarifləndirmə işləri daha da genişləndirilməlidir.
Rüb ərzində rayonda bir sıra mədəni kütləvi tədbirlər keçirilmişdir.
Daşkəsən şəhərinin yaradılmasının 67-ci ildönümü və Novruz bayramı münasibətilə geniş tədbir keçirilmişdir. Novruz bayramı münasibətilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirilmiş və onlara bayram sovqatları aparılmışdır.
Ölkəmizdə ilk Avropa oyunlarının keçirilməsi ilə əlaqədar rayonumuz üzrə nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi üçün hazırlıq işləri davam etdirilir.
Aprelin 10-da Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında müxtəlif sahələrdə mövcud vəziyyəti hərtərəfli təhlil edərək qarşıda duran vəzifələri göstərən möhtərəm Prezidentimiz cənab İlham Əliyev yekun nitqində demişdir: “Bu ilin sonuna qədər fəal işləməliyik ki, bütün vəzifələri uğurla icra edək, ölkəmizi daha da gücləndirək”.
Qarşımızda çox məsul və şərəfli vəzifələr durur. İcazə verin, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün daşkəsənlilər qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq!
Azərbaycan xalqının yeganə əvəzsiz lideri olan cənab İlham Əliyevə eşq olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Şahbaz Mehdiyev, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev, Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov və rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Hacı Məmmədov daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qarşıda duran vəzifələrin icrasından danışmışlar.
Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Sahib Əhmədov,
Respublika Jurnalistlər Birliyinin üzvü.