Ali Baş Komandan İlham Əliyev : “Bu gecə Ermənistandan gəlmiş özəl komando qrupları Hadrutu yenidən işğal etməyə çalışıb, Azərbaycan Ordusu o qrupu zərərsizləşdirdi”
“Gəncəyə bu hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilmişdir”.
Bunu Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib.
“Bizdə dəqiq məlumat var ki, Paşinyan hazırda çox ağır psixoloji sarsıntılar keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir. Məsələn, Hadrutu yenə işğal altına salmaq üçün onlar bir neçə dəfə cəhdlər göstərdilər.
Mənə bu səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş özəl komando qruplarından ibarət olan böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Halbuki, strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyük önəmi yoxdur. Sadəcə olaraq, gedib orada şelfi çəkdirmək, yaxud da ki, öz əhalisinə bir hesabat vermək üçün. Azərbaycan Ordusu o qrupu zərərsizləşdirdi və orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır”, – deyə Prezident İlham Əliyev vurğulayıb.