Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycandakı xarici diplomatlar Gəncə və Mingəçevirə səfər ediblər.

13 oktyabr 2020 | 16:00

Dünya ictimaiyyətinin diqqəti Gəncədə Ermənistan silahlı qüvvələrinin atdığı raket zərbələri nəticəsində əmələ gələn dağıntılara və mülki insan itkilərinə yönəldilir. Bu məqsədlə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri həmin əraziyə aparılıb. Onlar baş verənləri və erməni vandalizminin nəticələrini şəxsən görüblər.
Xarici diplomatlar Gəncədə erməni vandalizminin törətdikləri terroru öz gözləri ilə gördülər.
Azərbaycandakı diplomatik korpusun nümayəndələri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncədə Ermənistan ordusunun raket atəşinə məruz qalmış ərazidə olublar. Onları Prezidentin köməkçisi Hikmət Hacıyev müşayiət edib.
Səfərin məqsədi onları Ermənistanın mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir. Diplomatlar dağıntıların törədildiyi ərazidə müşahidə aparıblar. Qonaqlara hadisə haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Gəncədə yaşayış ərazisinin raket atəşinə tutulması nəticəsində 10 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.
Xarici diplomatlara hadisələrlə bağlı məlumat verən Hikmət Hacıyev bildirib ki, Gəncə şəhəri 4 oktyabrdan başlayaraq, Ermənistanın raket zərbələri altındadır. "Gəncəyə atılan "SKAD" raketi ortamənzilli ballistik raketdir və nüvə başlıqlarını da daşıya bilmək iqtidarındadır. Ümumiyyətlə, son dövrlərdə dünyadakı hərbi əməliyyatlara baxsaq görərik ki, çox unikal hallardan biridir ki, 500 mindən artıq sakini olan şəhərə qarşı ballistik və böyük dağıdıcı gücə malik olan raket atılsın",- deyə Hikmət Hacıyev əlavə edib.
Hikmət Hacıyevin sözlərinə görə, bu, onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün hər hansı mənəvi, etik qaydalar, dünya sivilizasiyasına xas olan baryerlər yoxdur. Və bütün bunlar vandalizm və barbarizm aktlarıdır.
Prezidentin köməkçisi Hikmət Hacıyev humanitar atəşkəslə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, düşmən bir tərəfdən humanitar atəşkəs istəyir, digər tərəfdən Azərbaycanın mülki insanlarına qarşı hücumlar həyata keçirir. Eyni zamanda, qoşunların təmas xəttində də Ermənistanın Silahlı Qüvvələri tərəfindən Azəbaycanın mövqelərinə qarşı hücumlar həyata keçirilir. Onlar bizim işğaldan azad edilmiş torpaqlarımızı yenidən ələ keçirmək üçün bunu edirlər. Azərbaycan Silahlı Qüvvələri burada onlara layiqli cavab vermək məcburiyyətindədir.
Tədbirdə iştirak edən ANAMA-nın direktoru Qəzənfər Əhmədov da baş verənlər barədə nümayəndələri məlumatlandırıb. ANAMA-nın direktoru bildirib ki, Gəncəyə atılan raketin qalıqları Mingəçevirdə partlayan raketin qalıqları ilə eynidir.
Diplomatik korpusun və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncədən sonra Mingəçevirə də səfər ediblər. Onlar Ermənistanın mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olublar. Onlar dağıdılmış ərazidə müşahidə aparıblar. Qonaqlara hadisə haqqında ətraflı məlumat verilib.

Keçidlər