Daşkəsən rayonunda Novruz bayramı münasibətilə möhtəşəm ümumrayon şənliyi keçirilmişdir
Daşkəsən rayonunda Novruz bayramı
münasibətilə möhtəşəm ümumrayon şənliyi keçirilmişdir
Daşkəsən rayonunda qədim milli bayramımız olan Novruz bayramı çox böyük təntənə, sevinclə, xoş xatirələrlə qeyd olunmuşdur. Belə ki, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin imzaladığı sərəncama uyğun olaraq tədbirlər planı hazırlanmışdır. Təhsil, səhiyyə və mədəniyyət sahələrində, bütün yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarda yüksək səviyyədə, gözəl Novruz bayramı tədbirləri həyata keçirilmişdir. Demək olar ki, rayon əhalisi Novruz bayramı münasibətilə şən günlərini yaşadı.
Martın 17-də Daşkəsən şəhərinin mərkəzində, Heydər Əliyev abidəsinin qarşısındakı meydanda Novruz bayramı münasibətilə Daşkəsən rayon İcra Hakimiyyətinin və YAP Daşkəsən rayon təşkilatının birgə təşkil etidiyi ümumrayon şənliyində milli geyimli qız Novruzun rəmzi olan səmənini Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevə təqdim etdi.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev ümumrayon şənliyində daşkəsənliləri Novruz bayramı münasibətilə təbrik edərək demişdir :
- Ümummilli liderimiz Heydər Əliyev Novruz bayramı haqqında danışarkən demişdir: “Novruz bayramı insanlarda həmişə xoş əhval-ruhiyyə yaradır, milli ruhu yüksəldir, vətənpərvərlik hissiyyatlarını daha da möhkəmləndirir və hər bir insanı Vətəninə, millətinə, ölkəsinə, doğma dövlətinə daha da sadiq olmağa dəvət edir. Bu gün bu bayram tonqalının ətrafında toplaşmış bayram əhval – ruhiyyəli insanların əhatəsində birmənalı olaraq qeyd etməliyəm ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən siyasi kurs ölkəmizin əldə etdiyi uğurların əsas amillərindən biridir. Ona görə də bu bayram əmin-amanlığın, ictimai-siyasi sabitliyin, ölkəmizdə gedən hüquqi, demokratik, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir.
Novruz Azərbaycan xalqının ən qədim el bayramı, milli birliyimizin təcəssümüdür. Bu bayram insanlarda ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa məhəbbət hissi oyadır. Xalqımız Novruz bayramını qeyd etməklə, həm də öz tarixi keçmişinə, milli dəyərlərinə bağlılığını nümayiş etdirir. Hər il Daşkəsən rayonunda Novruz bayramı sizin iştirakınızla geniş qeyd edilir, xalq yaradıcılığı günləri keçirilir, rəngarəng bayram tədbirləri təşkil olunur.
Ümumrayon şənliyində Daşkəsən rayon mədəniyyət evinin mahnı və rəqs ansamblı rəqslər təqdim etmiş, el ağsaqqalı Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulamışdır.
Bayram şənliyində xalq çalğı alətləri ansamblının ifasında kompozisiya təqdim edilmiş, muğam üçlüyünün və rəqs qrupunun çıxışları alqışlarla qarşılanmışdır.
Ümummilli lider Heydər Əliyevin abidəsi önündə uşaqlar Ulu Öndərimizə, Vətənimizə həsr olunmuş şeirlər söyləmişlər.
Bu gün Daşkəsən rayonunda aşıq yaradıcılığının inkişafına ciddi diqqət yetirilir. Aşıq saz havaları Novruz bayramı şənliklərində geniş yer tutur, yüksək rəğbətlə qarşılanır. Aşıqlar bayram şənliyinə xoş anlar yaşatmışlar.
Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev bayram şənliyində çıxışına davam edərək demişdir:
Əziz daşkəsənlilər!
Hörmətli bacı və qardaşlarım!
Bu gün biz Daşkəsən rayonunda Ulu öndərimiz Heydər Əliyevin möhtəşəm abidəsinin önündə yerləşən meydanda Novruz bayramı münasibətilə ümumxalq şənliyinə toplaşmışıq.
Builki Novruz bayramı dövlətimizin və xalqımızın həyatında çox mühüm və möhtəşəm tarixi hadisələrlə üst-üstə düşür. Müstəqillik olan tariximiz təkcə mübarizə tariximiz deyil, həm də inkişaf tariximizdir.”
Əhəd Abıyev torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda mübarizələrdə canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmiş, sabitliyimizin və sərhədlərimizin keşiyində dayananların bayramını təbrik edərək demişdir ki, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu milli dəyərlər həmişə üstün tutulmuş, onlar qorunub saxlanılmaqla yanaşı, həm də inkişaf etdirilmişdir.
Bu gün Ulu Öndərimizin milli-mənəvi dəyərlərimizin yaşadılması ilə bağlı siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünya şöhrətli Prezidentimiz İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müstəqil Azərbaycan beynəlxalq aləmdə tanınır və qəbul edilir. UNESCO-nun Novruz bayramını dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil etməsi, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin isə Novruz bayramını - martın 21-ni Beynəlxalq Novruz Günü elan etməsi milli dəyərlərimizin dünya miqyasında təsdiqinin ən gözəl nümunəsidir. Bu işlərdə milli-mədəni irsimizin ən böyük qayğıkeşi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzedilməzdir.
Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev rayon əhalisini bir daha Novruz bayramı münasibətilə təbrik etmiş, sonra Novruzun simvolu olan bayram tonqalını yandırmışdır.
Meydanın ətrafındakı geniş ərazidə ictimai-iaşə xidməti təşkil edilmiş, yerli fermerlərin istehsal etdikləri məhsullar təşkil edilmişdir. Bayram şənliyinin iştirakçılarına rayonda hazırlanan müxtəlif növ milli yeməklər və şirniyyatlar təklif olunmuşdur. Tədbir iştirakçıları bu ictimai-iaşə xidmətini yüksək qiymətləndirmişlər.
Zəngin təbiətə, əlverişli coğrafi şəraitə malik Daşkəsəndə yerli mədəniyyət və incəsənət ustalarının təqdim etdikləri mahnı və rəqs ifaları, idmançıların nümayiş etdirdikləri müxtəlif nömrələr bayram şənliyinin iştirakçılarında xoş ovqat yaratmışdır.
Rayon mərkəzində bayram şənliyi başa çatdıqdan sonra Daşkəsən rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri həmişə olduğu kimi rayonun cəbhə xəttində yerləşən “N” saylı hərbi hissəyə əsgərlərlə görüşə getmişlər. Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev və Respublika Hərbi Prokurorluğunun məsul vəzifəli işçisi polkovnik Mahir Əhmədovla birgə bayram hədiyyələrini – 10 ədəd xarici qızıl saat, 7 ədəd müasir tipli televizor, 5 ədəd elektrik generatoru, 300 ədəd bayram xonçası olan Novruz sovqatını əsgərlərə və zabitlərə təqdim etmişlər.
Sonra Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev əsgərlər və zabitlər qarşısında çıxış edərək demişdir:
- Sizi, milli Novruz bayramı münasibətilə təbrik edir, Sizə daimi uğurlar, qələbələr arzulayıram. Ulu öndərimizin fikirlərini xatırladaraq demək istəyirəm ki, müstəqil dövlətin özünəməxsus ordusu olmalıdır, bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir. Ölkəmizin yüksək səviyyədə sosial-iqtisadi inkişafı ilə formalaşan milli ordumuzun quruculuğunun təkmilləşdirilməsi istiqamətində aparılan uğurlu islahatlar Azərbaycan modelinin əsas prioritetlərindədir. Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin vurğuladığı kimi Azərbaycanda ordu quruculuğu Ümummilli liderin adı ilə bağlıdır. Ulu öndər bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da önəmli islahatlar apardı. Qısa müddətdə qarşısına qoyduğu məqsədinə nail olan Ümummilli lider Heydər Əliyev Azərbaycanı bir dövlət kimi möhkəmləndirib, qüdrətli milli ordu yaradıb, gücləndirib, inkişaf etdiribdir.
Bu gün də Ali Baş Komandan İlham Əliyevin tez-tez cəbhə bölgələrində olması əsgərlərin döyüş əhval-rühiyyəsini artırmaqla xalq-ordu birliyini möhkəmləndirir. Dövlət başçımız, Ali Baş Komandan İlham Əliyev bildirmişdir :
- Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcəkdir. Bunun üçün biz daha güclü dövlət, qüdrətli ordu yaratmalıyıq. Azərbaycanda bütün sahələrdə aparılan islahatlar ölkəmizin inkişafı, bölgədəki mövqelərinin möhkəmləndirilməsi nəticəsində istədiyimizə nail ola biləcəyik.
Həqiqətən də bu gün ordumuzun döyüş ruhu, hazırlığı düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir, əsgərlərimizin mənəvi-psixoloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Silahlı qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün çox böyük imkanlara malikdir. Təbii ki, buna əsas yaradan Azərbaycanın iqtisadi tərəqqisi fonunda müdafiə qüdrətinin artması istiqamətində atılan çox böyük əhəmiyyətli addımlardır və ölkəyə rəhbərlik edən Heydər Əliyev siyasətini hər bir addımı ilə təsdiqləyən Ali Baş Komandanımız İlham Əliyevdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu günlərdə Bərdəyə səfəri zamanı Bərdə regional ASAN xidməti mərkəzinin açılışında Azərbaycanın uğurları fonunda yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamını belə ifadə etmişdir : “Cəmiyyətdə indi müşahidə olunan həmrəylik, səfərbərlik, iqtisadi və hərbi gücümüz bizim qələbəmizi şərtləndirən amillərdən biridir. Biz ərazi bütövlüyümüzü istənilən yolla azad edəcəyik, mən buna əminəm və biz ASAN xidmətini Şuşada da yaradacağıq.”
Eşq olsun möhtərəm Prezidentimiz cənab İlham Əliyevə!
Ali Baş Komandanımızın Novruz bayramı mübarək olsun!
Hörmətli əsgər və zabitlər!
Fürsətdən istifadə edərək Respublikanın Hərbi Prokuroru general-leytenant Xanlar Vəliyevin də anadan olmasının 60 illiyini təbrik edək və siz əsgərlərə göndərdiyi müraciətini dinləyək.
Sizi də bir daha Novruz bayramı münasibətilə təbrik edirəm, Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal altında olan torpaqlarımızın azad olunması yolunda sizə böyük-böyük qələbələr arzulayıram.
Yaşasın şərəfli və məğlubedilməz Azərbaycan əsgəri!
Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin dərin məzmunlu nitqindən sonra əsgərlərlə görüş Daşkəsən rayon mədəniyyət və incəsənət ustalarının konsert proqramı ilə davam etmişdir.